Venesuelalı şair Milli Kitabxananın qonağı olub - FOTOLAR

Venesuela Bolivarın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran və venesuelalı şair xanım Ana Maria Oviedo Palomares Azərbaycan Milli Kitabxanasının qonağı olublar. SİA xəbər verir ki, qonaqlara kitabxananın beynəlxalq əlaqələri haqqında geniş məlumat verilib. Kitabxananın direktoru professor Kərim Tahirov 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” adlı kitabın ispan dilinə tərcümə olunaraq ispandilli ölkələrə göndərildiyini diqqətə çatdırıb. O, xanım Ana Marianın Milli Kitabxanaya gəlişinin iki ölkənin kitabxanaları arasında əlaqələrin qurulmasına vəsilə olacağına inamını ifadə edib, habelə gələcəkdə ədəbiyyat guşəsinin həm Azərbaycanda, həm də Venesuelada açılacağına ümid etdiyini söyləyib.

Səfir Kristofer Alberto Martinez Berroteran belə görüşlərin ölkələri və xalqları birləşdirməyə fürsət yaratdığını deyib. Əlavə edib ki, bu günə qədər ən əhəmiyyətli nailiyyətlərdən biri ilk olaraq Venesuela şairlərinin şeirlər toplusunun Azərbaycan dilinə tərcümə olunmasıdır. O, bu istiqamətdə işlərin davam etdiriləcəyini, eyni zamanda, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin Venesuelada təbliğ olunacağını söyləyib. Səfir “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının çox maraqlı olduğunu və bugünkü Azərbaycan reallıqlarını əks etdirdiyini, Azərbaycan tarixini bir daha aktual şəkildə nəzərdən keçirməyə imkan verdiyini vurğulayıb.

Venesuelalı şair Ana Maria Oviedo Palomares Azərbaycan dilinə tərcümə edilən kitabı üçün təşəkkürünü bildirib, ədəbiyyatın xalqların mədəniyyətini, tarixini öyrənmək baxmından önəmli olduğunu vurğulayıb. O, “El reino de los sauces” (“Söyüdlərin krallığı”) adlı kitabını Milli Kitabxanaya hədiyyə edib.

Sonda qonaqlara “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası” və “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” (ispan dilində tərcüməsi) kitabları hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə