"Süni intellektin təhsilə inteqrasiyası qaçınılmazdır" - FOTOLAR

Qazax Müəllimlər Seminariyasında - ADA Universitetinin Qazax Mərkəzində “Təhsildə yeni çağırışlar: maarifçilik ənənəsi və sürət dövrü” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, ADA Universiteti, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T-Network” platforması və Təhsilin İnkişaf Fondunun tərəfdaşlığı ilə reallaşıb.

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunun davamı olaraq baş tutan bu konfrans Beynəlxalq Müəllimlər Günündə pedaqoji fikrin təşəkkül tapdığı, maarifpərvərlik ənənəsinin təməlinin qoyulduğu Qazaxda yerli və xarici təhsil işçilərini bir araya gətirib.

ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdal Seminariyanın tarixindən və konfransın məqsədindən danışıb. Bildirib ki, elm və təhsil sahəsi texnoloji çevrilişlərin çağırışlarına cavab vermək üçün daim inkişaf edir. Bu səbəbdən də müasir təhsildə öz xidmətləri və düşüncələri ilə seçilən mütəxəssislərin, təhsilin inkişafına töhfə verən elm adamlarının, xüsusilə də Dünya Təhsil Forumunun direktoru Dominik Savajın Qazaxda keçirilən bu tədbirdə iştirakı əhəmiyyətlidir. O əlavə edib ki, maarifpərvərlərimizin izi ilə gedən ADA Universiteti gələcəkdə daha çox xarici təhsil ekspertini Qazax Müəllimlər Seminariyasına dəvət edəcək, onların təcrübəsindən yararlanacaq.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Beynəlxalq Müəllimlər Günü ilə bağlı təbriklərini çatdırıb, ADA Universitetinin prorektoru Vəfa Kazdalı təhsil sahəsindəki fəaliyyətinə görə fəxri fərmanla təltif edib.

Daha sonra Dominik Savaj “Qlobal təhsildə mövcud problemlər, onların həll yolları” mövzusunda çıxış edib. Süni intellektin təhsil sahəsində tətbiqinə toxunan Savaj qeyd edib ki, süni intellektin təhsilə inteqrasiyası qaçınılmazdır və bu, müəllimlərin fəaliyyətini dəstəməklə yanaşı, şagirdlərin qiymətləndirilməsi prosesini də sürətləndirir.

Beynəlxalq Musiqi Şurasının rəhbəri, musiqişünas Nigar Axundova çıxışında mədəniyyətin ümumi təhsil sisteminə inteqrasiyasından bəhs edib, kulturalogiya, musiqişünaslıq və ədəbiyyatın cəmiyyətin mədəni inkişafına təsiri məsələsinə toxunub.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd müəllimlik peşəsinin əsas mahiyyətindən danışıb.

ADA Universitetinin ibtidai məktəb anlayışına yenilik gətirməyi hədəflədiyini deyən Qalib Məmməd bu yaxınlarda, cəmi 2 ay yarım kimi qısa müddətdə yeni bir məktəbin - ADA İbtidai Məktəbinin əsasını qoyduğunu diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə