"Repetitor hazırlığına ehtiyac bir çox səbəblərdən yaranır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Repetitor hazırlığına ehtiyacın yaranmasının bir çox səbəbləri var". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.
O bildirib ki, dövlət məktəblərində tədris proqramı bəzən köhnəlmiş və ya həddindən artıq nəzəri ola bilər: "Bu, şagirdlərin praktiki bacarıqlarını inkişaf etdirməkdə çətinlik yaradır. Əvvəllər fərdi müəllim xidmətindən yalnız xarici dillərin və ya hansısa riyazi məntiqi məsələlərin öyrənilməsində istifadə olunurdusa, indi birinci sinif şagirdindən tutmuş tələbələrə kimi akademik repetitor dəstəyinə ehtiyac duyulur.
Son illər repetitorlara müraciətlərin çoxalması valideynlərin uşaqlarla müntəzəm məşğul olmağa və onlara lazımi dəstəyi göstərməyə imkanlarının olmaması ilə izah edilir. Statistikaya görə, indi həm analar, həm də atalar 20-30 il əvvəlkindən daha çox işləyirlər və bu o deməkdir ki, onların uşaqlara ayırmağa kifayət qədər zamanı olmur. İkinci səbəb məktəbdə getdikcə daha da mürəkkəbləşən proqramların çoxluğudur. Valideynlərin uşağına kömək etmək üçün tənliyi necə həll edəcəyini sadəcə başa düşmələri kifayət deyil. Onlar metodologiyanı mənimsəməli, müxtəlif həlləri izah etməyi bacarmalı və kifayət qədər səbirli olmalıdırlar, çünki bəzən materialı bir neçə dəfə təkrarlamaq lazım gəlir.
Dövlət məktəblərində siniflər adətən çox sayda şagirddən ibarət olur, bu da müəllimlərin hər bir şagirdə kifayət qədər fərdi diqqət ayırmasına mane olur. Məktəbdə dərs saatları standartlaşdırılmış olduğu üçün hər bir şagirdin sürətinə və ehtiyaclarına uyğun təhsil vermək çətinləşir. Özəl məktəblərdə daha müasir tədris resursları və texnologiyalar istifadə olunur, dövlət məktəbləri isə bəzən maddi resurs çatışmazlığı ilə üzləşir. Xüsusi hazırlıqlarda müəllimlər şagirdlərə daha fərdi yanaşır və onların zəif tərəflərini gücləndirmək üçün vaxt ayırırlar, bu, ümumtəhsil məktəblərində mümkün olmaya bilər.
Repetitor xidməti məktəb təhsilini zəiflədir, yuxarı siniflərdə isə şagirdlərin sosiallaşmasının qarşısını alır. Bunun qarşısının alınması üçün məktəblərdə təhsilin səviyyəsi daha da genişləndirilməlidir. Düzdür, ölkəmizdə müəllimlərin işə qəbulu istiqamətində mühüm addımlar atılır. Amma bununla paralel olaraq repetitor xidməti də getdikcə genişlənməkdə davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə