“Son dövrlərdə dünyada baş verən müharibələr ölkələr arasında iqtisadi, ticari və digər əlaqələrə çox ciddi təsir göstərməkdədir. Hazırlıqsız yaxalanan ölkələr bundan daha çox əziyyət çəkirlər. Hələ də davam edən Ukrayna və Rusiya, eləcə də İsraillə HƏMAS, o cümlədən İsraillə Hizbullah və nəticədə aktiv müharibə fazasına keçməyən İsrail-İran qarşıdurmasından bütün region ölkələri ziyana düşürlər. Hərbi münaqişələr təkcə bu ölkələrin iqtisadiyyatlarına deyil, eyni zamanda ümumilikdə dünya iqtisadiyyatlarına mənfi təsir göstərir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu gün dünyada müharibələrin artması, yeni “qaynar nöqtələr”in yaranması iqtisadiyyatın hərbi sahə ilə bağlı sahəsini inkişaf etdirib: “Hərbi iqtisadiyyat müharibələr üçün yeni növü ilə yanaşı, ənənəvi silahların istehsalını artırmaqla özünü göstərir. Bu gün bütün dünyada silahlanmaya ayrılan vəsaitin miqdarı trilyon dollarla ölçülür, ümumi hərbi büdcə təxminən 3 trilyon dollardır. Dünya nəhəngləri - Rusiya, ABŞ və Çin hərbi xərclərini rekord həddə artırıb. Rusiya hərbi xərclərini 24 faiz artıraraq 109 milyarda, ABŞ 2,3 faiz artıraraq 916 milyarda, Çin isə 6 faiz artıraraq 296 milyarda çatdırıb. 2023-cü ildə NATO-nun 31 dövlətinin hərbi xərclərinin həcmi 1,341 trilyon dollar təşkil edib ki, bu da dünya üzrə hərbi xərclərin 55 faizi deməkdir. Ukrayna hərbi xərclərini 51 faiz artıraraq 64,8 milyarda çatdırıb. Bununla yanaşı, Ukrayna ötən il ərzində 35 milyard Avropa İttifaqından və 25 milyard ABŞ-dan hərbi yardımlar alıb. Bütün bunlara Yaxın Şərqdə baş verənləri də əlavə etsək acınacaqlı mənzərə yaranar. Hərbə xərclənən bu qədər vəsait iqtisadiyyatın digər sahələrinə, xüsusən də insanların daha yaxşı, daha rahat və daha təhlükəsiz yaşamasını təmin edən sahələrə sərf edilsəydi bu gün dünyanın yarısı aclıqdan, səfalətdən əziyyət çəkməzdi. Hərbi iqtisadiyyat müdafiə sənayesinin güclü sahələrinin yaradılmasını, onların istehsal imkanlarının artırılmasını, dövlət ərazisində müdafiə müəssisələrin müvafiq coğrafi yerləşməsini, sabit iqtisadi və elmi-texniki bazanın yaradılmasını əhatə edir. Dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artıb, qanlı münaqişələr, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır. Bir sözlə, bölgədə sabitlik pozulub, dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunur. Yaxın Şərqdə qanlı toqquşmalar, müharibələr, terror aktları, əfsuslar olsun ki, bölgədəki sabitliyə çox böyük zərbə vurub. Azərbaycana gəldikdə isə, öz inkişafını davam etdirir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilib, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdəndir. Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir“.
Bütün xəbərlər Facebook səhifəmizdə