“Bütün uğurlu peşə sahiblərinə yol göstərən müəllimi olub” - MÜNASİBƏT BİLDİRİLDİ
“Müəllim hər birimizin ruhunun, mənəviyyatının, ideallarının formalaşmasında rol oynayan önəmli şəxsdir. Bu ad çəkiləndə ilk yada düşən məktəb və orada öyrəndiklərimiz, bizi öyrədənlər olur. Müəllim valideyndən sonra, bəzi məqamlarda ondan əvvəl insanın gəlcək taleyində, seçimlərində rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya elmləri doktoru, professor AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd deyib.
O bildirib ki, ömür yolu məktəbdən keçən hər bir fərd, şəxsiyyətmüəllimə borcludur. Müəllimin özünün də cəmiyyət və fərd qarşısında borcu var. Cəmiyyət, millət öz gələcəyini qurub yaşadanları müəllimə etibar edir. Müəllimin pis nümunə olmağa, mənfi keyfiyyətlər aşılamağa haqqı yoxdur.
Mən özüm müəllim ailəsində doğulub böyümüşəm. Ailəmizin hər bir üzvünün fəaliyyətində, tərcümeyi-halında müəllimlik var. Atam Respublikanın əməkdar müəllimi, qabaqcıl maarif xadimi idi. Bacılarımdan biri də Respublikanın əməkdar müəllimidir. Müəllimlik bizim ailə məsləyimizdir. Auditoriyada çoxsaylı tələbə gənclərin layiqli vətəndaş kimi yetişməsində 29 il yaxından iştirak etmişəm. 30-a yaxın fəlsəfə doktoru və elmlər doktorunun elmi rəhbəri və ya məsləhətçisi olmuşam. Yetişdirdiyim kadrların uğurları, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etməsi mənə qürur verir.
Müəllim insanların təhsilə, elmə yiyələnməsində əsas yol göstərən insan olduğu üçün, elm və təhsilin təməlinin atılmasında mühüm rol oynayır. Böyük şəxsiyyətlər müəllimlərinin onun üçün çəkdiyi zəhməti minnətdarlıqla xatırlayıblar. Bunun ən bariz nümunələrindən biri ümummilli lider Heydər Əliyevin öz müəllimlərinə, ümumiyyətlə bu şərəfli adı daşıyanlara verdiyi dəyərdir. Respublikanın əməkdar müəllimi, filologiya elmləri namizədi, “İstiqlal” ordenli, 105 yaş ömür sürmüş Lətif Hüseynzadəyə, öz müəlliminə göstərdiyi qayğı və diqqətin şahidi olmuşuq. Lətif müəllim şagirdinin uğurlarını sonsuz sevinc və məmnunluqla izləyir, Heydər Əliyevsə müəlliminin fəaliyyətini xoş xatirələrlə yad edirdi.
44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında çəkinmədən döyüşə gedən oğulların yetişməsində valideynlər qədər müəllimlərin də böyük rolu olub. Müəllimlər təhsil, elm verməklə kifayətlənmir, eyni zamanda xalqımızın sahib olduğu dəyərlərin də gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırlar. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.
Bütün xəbərlər Facebook səhifəmizdə