Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində yeni yaranan anlayış olsa da, artıq bu mövzuya dair ərsəyə gətirilən məqalələr, monoqrafiyalar, azərbaycançılığın əsaslarının, mahiyyətinin və konseptual tərəflərinin şərh edilməsi bu ideyanın mahiyyətini anlamağa imkan verir. Artıq azərbaycançılığın mahiyyəti hər birimizə bəllidir və bilirik ki, bu ideologiyanın kökündə millətçilik deyil, vətəndaşlıq dəyərləri dayanır. İnsanların şüurunda formalaşan ictimai dəyərlər isə dövlətin, ölkənin inkişafına və güclənməsinə çox böyük müsbət təsir göstərir və məhz buna görə də azərbaycançılıq dövlətin aparıcı ideologiyasına çevrilib.
Müstəqilliyin qorunmasına, demokratik inkişafa, hüquqi, sosial dövlətin qurulmasına xidmət edən azərbaycançılıq ideyası xalqımızı birləşdirən ideyadır. Bu baxımdan da azərbaycançılıq ideyası təkcə ölkəmizin sərhədləri daxilində, Azərbaycan ərazisində yaşayanların həmrəyliyi ilə məhdudlaşa bilməz. Azərbaycançılıq ideyası ölkəmizin müstəqilliyini, güclənməsini, qüdrətinin artmasını arzulayan insanları birləşdirən bir dəyər sayılır. Ona görə ki, bu ideologiya milli birliyi, ümumxalq münasibətlərini qorumaq, mövqeyimizi möhkəmləndirmək, təsdiq və inkişaf etdirmək məqsədi daşıyır. Məhz elə buna görə də azərbaycançılıq bizim milli-mənəvi varlığımızın ilkin əlamətlərini, kimliyimizi əks etdirən və milli təfəkkürümüzü birləşdirən dəyərlər sistemi hesab olunur.
"Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar, ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir", deyə Ulu Öndər Heydər Əliyevin Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdikləri əslində, azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi sayılır. Onu da bilirik ki, Ümummilli Lider Heydər Əliyev xarici ölkələrə rəsmi səfərlər etdikdə belə həmin ölkələrdə yaşayan, məskunlaşan azərbaycanlılarla görüşlər keçirər və azərbaycançılıq ideyasının çox vacib bir ideya olduğunu aşılayar, harada yaşamasından və kimliyindən asılı olmayaraq, həmvətənlərimizin birliyini tövsiyyə edərdi. Ulu Öndərin tövsiyyələri də əlbəttə ki, eyni zamanda xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən də hər zaman rəğbətlə qarşılanıb və buna görə də azərbaycançılıq ideyası hər zaman öz aktuallığını qoruyub. Əlbəttə, məhz bu baxımdan cəsarətlə deyə bilərik ki, Azərbaycançılıq ideyasının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması heç də təsadüfi deyil.
Əsrin üçdə birinə, 30 ilə yaxın müddətdə ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, məhz bütün azərbaycanlıların birliyi ilə reallaşdığının hər birimiz şahidi olduq. Şahidi olduq ki, işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsində təkcə ölkəmizin ərazisində yaşayan azərbaycanlıların deyil, dünyanın bir çox ölkələrində məskunlaşan, yaşayan həmvətənlərimizin həmrəyliyinin, milli birliyinin böyük rolu oldu. Belə bir birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yaratdı və məhz bu ideologiya azərbaycançılıq ideologiyasıdır. Bir daha əmin olduq ki, azərbaycançılıq coğrafi anlayış deyil, daha çox siyasi anlayışdır və məhz bu səbəbdən də bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib.
Vətən sevgisi ilə, torpaqlarımızın bütövlüyü uğrunda birləşən xalqımız, məhz azərbaycançılıq ideologiyasına sadiq qalaraq, Azərbaycan torpaqlarının işğalına son qoydu. Azərbaycançılıq ideyası, vətən sevgisi bizi birləşdirdi, həmrəyliyimizi təmin etdi və düşmən üzərində qələbəmizə ən qısa zamanda nail olduq, Zəfər qazandıq. Şahidi olduq ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, vətən sevgisi ilə ürəyi döyünən hər bir azərbaycanlının birliyi, azərbaycançılıq ideyası milli maraqlarımızın təmin olunmasına xidmət edir. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan mübarizədə hər bir azərbaycanlının öz töhfəsini vermək istəyi və niyyəti qürurverici məqamdır. Bütün dünya azərbaycanlılarının Azərbaycanın haqq səsinə səs verməsi gücümüzə güc qatdı desək, yanılmarıq. Məhz milli birliyimizin, həmrəyliyimizin, azərbaycançılıq ideyasının təbliği bu baxımdan daim diqqət mərkəzindədir və indi hər kəs əvvəlkindən də daha çox əmindir ki, azərbaycançılıq ideyası xalqımızın birliyi, həmrəyliyi üçün ən vacib şərtdir və bu ideologiyanın dövlətin aparıcı ideologiyasına çevrilməsi də bu baxımdan başadüşüləndir.
Əlbəttə ki, xalqımızın birliyi, həmrəyliyi bütün dünya xalqları üçün bir örnək, bir nümunə hesab oluna bilər. Çünki bütün dünya ictimaiyyəti məhz 44 günlük müharibə dönəmində və müharibədən sonrakı dövrdə belə şahidi oldu ki, milli birliyimiz, həmrəyliyimiz sarsılmazdır və azərbaycançılıq ideyası bizim üçün ən başlıca ideyadır. Azərbaycançılıq ideyasının nəyə görə dövlətimizin aparıcı ideologiyası olduğunu da hər kəs başa düşmüş oldu. Başa düşmüş oldu ki, xalqımızın öz rəhbərinə, Ali Baş Komandanına, öz Prezidentinə, cənab İlham Əliyevə inamı və birliyi dünyanın tanınmış, nüfuzlu beynəlxalq təşkilatlarının 30 il ərzində bacarmadığı işin öhdəsindən 44 gün ərzində gəlmək üçün yetərli oldu. Bu baxımdan da Azərbaycançılıq ideyasının nəyə qadir olduğunu, birliyimizin, həmrəyliyimizin gücünü görməmək mümkün də deyil və azərbaycançılıq ideyası ilə ölkə rəhbərimizin ətrafında bir yumruq kimi birləşməklə, böyük tarixi qələbəmizə imza atmağımızda, birlikdə güclü olmağımızda azərbaycançılıq ideyasının nəyə qadir olduğunu qətiyyən unutmaq olmaz. Unutmaq olmaz ki, mükəmməl qələbəyə məhz, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin vətənpərvərliyi, qətiyyəti, siyasi iradəsi, təcrübəsi, biliyi, uzaqgörənliyi, eləcə də Azərbaycan Ordusunun rəşadəti ilə yanaşı, xalqımızın birliyi, həmrəyliyi ilə ən qısa zamanda imza atıldı.
Əlbəttə ki, müharibə, savaş döyüş meydanında xalqımızın, ölkəmizin mükəmməl qələbəsi ilə bitsə də, düşmən rüsvayçı məğlubiyyətlə qarşılaşsa da, Ermənistan tərəfi kapitulyasiya, təslimiyyət sənədinə imza atsa da, diplomatik müstəvidə mübarizə hələ də davam etməkdədir və nə vaxta qədər davam edəcəyi, nə vaxt başa çatacağını proqnozlaşdrmaq mümkün deyil. Qətiyyən yaddan çıxarmaq lazım deyil ki, birliyimiz, həmrəyliyimiz bundan sonra bizə daha çox lazımdır və bundan sonra əhəmiyyəti daha böyükdür. Çünki milli maraqlarımızın qorunması, müdafiə edilməsi ən aktual məsələdir və bu məsələdə azərbaycançılıq ideyası əvəzsizdir. Heç şübhəsiz ki, dövlət başçımızın diplomatik görüşlər zamanı hər dəfə bizim milli maraqlarımızdan çıxış etdiyini, azərbaycançılıq ideyasının ön planda olduğunu təkzib etmək mümkün də deyil. Təkzib etmək mümkün deyil ki, Azərbaycançılıq ideyası dövlətin aparıcı ideologiyasına çevrilib.
Müəllif: İnam Hacıyev
6.3.9. “ Azərbaycançılıq ideyasının təbliği”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə