“Türk birliyi güclənir və bu birləşmə sonda güclü təşkilata çevriləcək” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın dövlət başçısının andiçmə mərasimində söylədiyi fikirlər həqiqətə çevrilir. Prezident İlham Əliyev birmənalı olaraq qeyd etdi ki, bizim ailəmiz türk dövlətləri ailəsidir və bu dövlətlərin inkişafı üçün Azərbaycan əlindən gələni edəcək. 5-6 iyul tarixlərində Türk Dövlətləri Təşkilatının Şuşada keçirdiyi qeyri-rəsmi Zirvə görüşü bir daha göstərdi ki, XXI əsr türk dövlətlərinin əsridir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Millət vəkilinin sözlərinə görə, Şuşaya gələn dövlət başçıları bir neçə böyük hadisənin şahidi oldu: “Hər şeydən öncə 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa nəhayət 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərləri tərəfindən düşmən tapdağından azad edildi. Şuşa yalnız azad edilməyib, həm də dünyanın ən böyük tikinti meydançalarından birinə çevrilib. Elə Şuşada Aşağı Gövhər Ağa məscidinin açılışı və türk dövlətlərinin bu tədbirdə iştirakı onu göstərir ki, bizi birləşdirən din, dil, adət-ənənə, eyni zamanda dünyada əmin-amanlıq yaratmaq üçün bu dövlətlərin həyata keçirdiyi siyasətdir. Zirvə görüşü bir daha sübut etdi ki, bu inkişaf heç bir dövlətə və ya təşkilata qarşı deyil. Əslində sülh və əmin-amanlığın bərpası üçün bu dövlətlərin təşkilat şəklində birləşməsinə ehtiyac var”.

Deputat bildirib ki, hətta Macarıstanın, Şimali Kipr Türk Cümhuriyyətinin bu tədbirə qoşulması dünyanın bəzi dövlətləri və siyasi dairələri tərəfindən qısqanclıqla qəbul olunur: “Avropa İttifaqından heç bir əsası olmayan böhtanlar atılır. Həmin böhtanlarda bildirilir ki, Macarıstan hökumətinin başçısı bu tədbirdə iştirak etməməlidir, edibsə belə o ancaq öz dövləti adından çıxış edə bilər. Bundan əlavə deyilir ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil bir dövlətə çevrilməsi üçün Azərbaycan cəhdlər göstərir. Əslində Azərbaycan cəhdlər göstərmir. Vaxtilə ŞKTC-də olan türk əhaliyə qarşı həyata keçiriləm soyqırım onları azadlıq mübarizəsinə qoşulmağa və öz müstəqilliklərini elan etməyə məcbur etdi.

Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlindən gələni edir. Bu gün Azərbaycan sülh prosesinin şərtlərini Ermənistana ötürüb və nəticəsini gözləyir. Amma Ermənistan öz konstitutsiyasında Azərbaycan torpaqlarını öz ərazisi kimi görürsə, onda bu müqaviləni imzalamaq əsla mümkün deyil. Ona görə də Azərbaycan tək Cənubi Qafqazda yox, ümumiyyətlə dünyada sülhün bərqərar olması üçün əlindən gələni edir. Azərbaycan Qoşulmama Hərəkatına 4 il rəhbərlik etməklə bir daha bəyan etdi ki, dövlətimiz sülh istəyir və yalnız öz xalqı üçün deyil, bütün dünya üçün haqq səsini çıxarmağa hazırdır. Bu gün Azərbaycan COP29 kimi tədbirə ev sahibliyi etməklə enerji siyasəti sahəsində, ekoloji fəlakətlər baxımından dünyaya bir nümunə olduğunu bəyan edir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü onu göstərdi ki, türk birliyi yaranır, güclənir və bu birləşmə sonda güclü təşkilata çevrilməklə nəticələnəcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə