İki müharibədə vuruşmuş müəllim bu gün də şərəfli peşəsini davam etdirir - FOTOLAR
Müəllimlik şərəfli peşə olmaqla yanaşı, cəmiyyətin formalaşmasında da böyük rol oynayır. Bu peşə sahiblərinin insanların savadlı, geniş dünyagörüşlü bir şəxsiyyət kimi formalaşmasında xüsusi rolu SİA xəbər verir ki, şagirdlərin çağırışa qədərki hazırlıq rəhbəri olan 50 yaşlı Fərrux Səfərov 17 ildən çoxdur müəllimlik edir. Tovuz şəhər A.S. Puşkin adına tam orta məktəbdə çalışan Fərrux müəllim Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində qələmini silahla əvəz edərək düşmənə qarşı müharibədə iştirak edib. Qəhrəmanımız deyir ki, onun üçün Vətən müharibəsində unudulmaz an peşə bayramını 2020-ci il oktyabrın 5-də öz döyüş yoldaşları ilə birgə qeyd etməsi olub.
Fərrux müəllim hər gün məktəbə hərbi geyimdə yollanır. Hər səhər məktəb binasına daxil olanda da ilk gördüyü, salamlaşdığı Vətən uğrunda canlarından keçən şəhidlərimiz olur. Onların fotoları qarşısında hərbi salam verib, sonradan müəllimlər otağına keçir. Fərrux müəllim bunu hər gün edir.
Deyir şagirdlərə torpaqlarımızın işğal altında olması barədə danışmaq ona həmişə ağır gəlib, söhbət düşəndə həmişə bu mövzuda şagirdlərin suallarına cavab verməkdə çətinlik çəkib: “Müharibədən sonra mən şagirdlərimin bütün suallarına cavab tapa bildim. İndi 44 günlük müharibədə Azərbaycan Ordusunun, Azərbaycan xalqının qələbəsindən ağız dolusu danışıram. Adətən peşə bayramlarında biz şagirdlərlə birlikdə hərbi şəhərciyi və bizim şəhərdə yerləşən Şəhidlər xiyabanını, daha sonra şəhid ailələrini ziyarət edirik”.
Fərrux müəllim Birinci Qarabağ müharibəsində Ağdam rayonu və onun kəndləri uğrunda gedən döyüşlərdə, Vətən müharibəsində isə Talış, Suqovuşan, Murov, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Fərrux müəllimin şagirdlərinə verdiyi əsas tövsiyə odur ki, hansı peşəni seçmələrindən asılı olmayaraq, həmin sahədə vətənpərvər, Vətənimiz Azərbaycana, torpağımıza bağlı vətəndaş kimi yetişsinlər. 11-ci sinif şagirdi Aysun Vəliyeva deyir Fərrux müəllimlə bütün sinif şagirdləri qürur duyur. Ondan müharibə xatirələrini dinləyirlər. “Fərrux müəllimlə fəxr edirik. O, bizə müharibə haqqında, müharibə şəraiti haqqında məlumat verir və biz daha da çox ruhlanırıq”, - deyə şagird əlavə edib.
Fərrux müəllim kimi müharibədə iştirak etmiş çoxsaylı müəllimlərimiz var. Onlar arasında şəhid olanlar da var, qazi olanlar da... Fərrux müəllim Vətən müharibəsindən qayıtdıqdan sonra dərsi daha həvəslə keçir şagirdlərinin suallarını böyük həvəslə cavablandırır. Çünki həm şəxsən özü döyüşlərə qatılıb, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsində iştirak edib. Həm də şanlı Ordumuzun qızıl hərflərlə tarixə yazdıqları Qələbənin şahidi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə