Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Milli Yaylaq Festivalının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən festivalda gənclər və idman naziri Fərid Qayıbov, Göygöl İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, idmançılar və media nümayəndələri iştirak ediblər.

Göygöl rayonunda təşkil olunan festivalın rəsmi açılış mərasimində qonaqları simvolik olaraq Dədə Qorqud salamlayıb, söz söyləyib, xeyir-dua verib. Sonra türk dövlətlərinin nümayəndələrinin tarixi geyimlərdə bayramlarla paradı baş tutub.

Qonaqlar etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Qeyd edək ki, etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqların iştirakı gözlənilir.

Festival şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm.

Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə