“Şuşada Türk dövlət başçılarının toplantısının keçirilməsi böyük tarixi hadisədir“ - DEPUTAT DANIŞDI

“İslam dünyasının mədəniyyət mərkəzi olan Şuşada Türk dövlət başçılarının toplantısının keçirilməsi böyük tarixi hadisədir. Bu toplantı türk dövlətlərinin əməkdaşlığının yeni səviyyəsini göstərir. Məlumdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının haqsızlıqdan, ədalətsizlikdən çəkən xalqlarının qələbəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin rəhbərlərinin görüşü əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək: “Bu görüş münasibətləri daha da sıxlaşdıracaq. Toplantıda iştirak edən şəxslər işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərini gözləri ilə görəcək, eyni zamanda işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklərin şahidi olacaqlar.
Bu gün cənab Prezidentimizin Xocalı Hava Limanında olması, Xankəndində Qarabağ Universitetində görülən işlərlə tanış olması, İsa bulağı kompleksinin açılışını etməsi, Yuxarı Gövhərağa məscidini təmirdən sonra istifadəyə verməsi, Xankəndində konqres mərkəzinin təməlini qoyması mühüm hadisələrdir. Bunların hər biri bir gündə baş verir. Bu da göstərir ki, toplantı ərəfəsində Azərbaycanın gördüyü işlər digər türk dövlətləri üçün də bir nümunə olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə