Sahibkarlarla görüşdə “DOST Müfəttiş” layihəsi təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST” müfəttiş layihəsinin təqdimatı” mövzusunda sahibkarlarla görüş keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün işçi icazələrinin alınması sahəsində görülən işlərdən bəhs edilib, “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) yenilikləri təqdim olunub.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayının hər gün artmaqda olduğunu bildirib. O, Böyük Qayıdış Proqramı üzrə torpaqlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsində özəl sektorun xüsusi rolunu vurğulayıb, iş adamlarını dövlət-özəl dialoqu çərçivəsində yaradılan yeni e-platformanın imkanlarından yararlanmağa dəvət edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər əmək və məşğulluq sahələrində aparılan islahatları, islahatlar prosesində sosial tərəfdaş olaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində atılan addımları, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işləri, bu sahələrdə özəl sektora aid işəgötürənlərlə sosial tərəfdaşlığın önəmini diqqətə çatdırıb. A.Əliyev əmək münasibətləri və məşğulluq xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurları qeyd edib. ƏMAS-ın əmək sahəsində bütün münasibətlərin e-platformaya keçidinə imkan verdiyini, yeni “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün əhəmiyyətini diqqətə çatdırıb.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, işçilərin əmək hüquqlarının pozulması hallarının, qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirləri diqqətə çatdırıb. O, Xidmətin işğaldan azad edilmiş ərazilərdə də işəgötürənlər və işçilər üçün əmək qanunvericiliyi, əməyin mühafizəsi ilə bağlı apardığı ardıcıl maarifləndirmə işlərini qeyd edib. Bildirib ki, Xidmət tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi” üzərindən hər ay monitorinqlər keçirilir və müvafiq tədbirlər görülür. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin düzgün tətbiqi, bir sıra risklərin və baş verə biləcək hüquqpozmaların qarşısının vaxtında alınması üçün ƏMAS daim təkmilləşdirilir. ƏMAS-da tətbiq edilən yeniliklər barədə mütəmadi olaraq işəgötürənlərə onlayn və offlayn olaraq təlimlər keçirilir, habelə işəgötürənlərin ƏMAS-ın təkmilləşdirilməsi ilə bağlı təklifləri də operativ şəkildə nəzərə alınaraq diqqətdə saxlanılır.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev əhalinin məşğulluq imkanlarının artırılması sahəsində icra olunan proqramlar barədə məlumat verib. Qeyd edilib ki, 2018-ci ildən bəri 570 min nəfər münasib işlə təmin olunub, 30 min nəfər peşə hazırlığına cəlb olunub. Təkcə bu ilin 6 ayında isə 8,5 min nəfər peşə hazırlığına cəlb olunub. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən məşğulluq tədbirlərinə diqqət çəkən S.Əliyev həmin ərazilərə qayıdan sakinlərdən artıq 2500 nəfərin məşğulluğunun təmin edildiyini, daha 790 nəfərin məşğulluğunun təminatı üçün işlər aparıldığını bildirib.

Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına “DOST Müfəttiş” layihəsinin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyət ətraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir. Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır. Layihə, həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə yardım edir.

Bütün xəbərlər Facebook səhifəmizdə