Komitə sədri Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti ilə görüşüb - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 3-də Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone ilə görüşüb. Komitədən SİA-ya bildirilib ki, görüş zamanı qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana rəsmi səfərlərinin münasibətlərin inkişafına yeni töhfələr verdiyini bildirib.

Həmçinin, ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərinin olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması kimi mühüm missiyanı uğurla yerinə yetirir.

Daha sonra dinlərarası dialoqun genişlənməsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinə diqqət çəkən Dövlət Komitəsinin sədri bunun tarixən Azərbaycanda mövcud olan multikultural və tolerant mühiti daha da möhkəmləndirdiyini deyib. Dünyada dini ekstremizmin və münaqişələrin mövcud olduğu bir dövrdə Azərbaycanın tolerantlıq modelinin öz effektivliyini bir daha sübut etdiyini söyləyib.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone Azərbaycanın Müqəddəs Tax-Tacla yaxından əməkdaşlıq etməsinin təqdirəlayiq hal olduğunu bildirib. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsinin önəmini vurğulayıb. Həmçinin, Heydər Əliyev Fondunun bəşəri missiyasına toxunan qonaq Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun Vatikandakı müvafiq qurumlarla əlaqələrinin yaradılması, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə, eyni zamanda Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının ekspertləri və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə