Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb - FOTOLAR

Cəlilabad rayonunda 3 ildir ki, araşdırılan qədim yaşayış məskəni Paşatapə abidəsində ilk dəfə olaraq qədim kənd izləri aşkarlanıb. Qazıntılar zamanı çiy kərpicdən inşa edilmiş yaşayış evlərində həm də dini ayinlərin icra olunması üçün xüsusi yerlər də üzə çıxıb. SİA xəbər verir ki, Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində ilk qazıntılara 2022-ci ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı hər mövsüm olduğu kimi, bu il də maraqlı maddi mədəniyyət nümunələrinin tapılması buranın tarixi əhəmiyyətini daha da artırıb. Bu il ilk dəfə olaraq ərazidə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb. Bu kəndin əsas özəlliklərindən biri evlərin çiy kərpicdən inşa olunmasıdır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova bildirib ki, ərazidə çoxsaylı yaşayış evlərinin qalıqlarının üzə çıxması burada bir məhəllənin olduğunu deməyə əsas verir.

"Paşatəpə yaşayış yeri bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid edilir. Bu il abidədə qazıntılar zamanı bitki qarışıqlı çiy kərpicdən hazırlanmış evlərin yerləri, təsərrüfat quyuları aşkarlanıb. İlin ən maraqlı tapıntılarından biri yaşayış yerində dini ayin yerinin qeydə alınmasıdır. Bu il eyni zamanda kremasiya adəti ilə bağlı dəfn etməyə də rast gəlinib. Bütün bunlar Paşatəpə abidəsinin Neolit dövrünə aid kənd tipli yaşayış yeri olduğunu söyləməyə əsas verir”, - deyə Vəfa Mahmudova bildirib.

Tarixçilər hesab edirlər ki, tapılmış nümunələrin araşdırılması Muğan mədəniyyətində erkən əkinçilik, sənətkarlıq, eləcə də digər sahələrlə bağlı maraqlı məlumatları üzə çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə