Əhali daha çox hansı çimərliklərə üz tutur: ödənişli yoxsa ödənişsiz? - SORĞU

Paytaxt Bakı dənizə yaxın olması baxımından bəxti gətirən şəhərlərdən sayılır. Qeyd edək ki, Abşeron yarımadası sahillərində 12 çimərlik zonası, o cümlədən Bilgəh, Buzovna, Hövsan, Zaqulba, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Sahil, Sumqayıt, Şıx və Şüvəlan mövcuddur. Şəhərə daha yaxın olduğu üçün insanlar “Şıxov” adlanan ərazidəki çimərliklərə daha çox üz tuturlar. Məlumat üçün bildirək ki, “Şıxov” ərazisində iki baxımsız sahədən başqa, bütün yerlər ödənişlidir və bu yerlərdə səliqə-səhman müşahidə olunur. İsti yay günlərinin gəlişi dənizkənarı çimərliklərə axının artması ilə müşahidə olunur. Bu gün həmin çimərliklərin əhaliyə göstərdikləri xidmətlər və onların dəyəri vətəndaşlar üçün nə dərəcədə sərfəlidir? SİA olaraq vətəndaşlar "İstirahətlərini necə təşkil edirlər, qiymətlər onları qane edirmi?" mövzusunda sorğu keçirdik.

Şəhər sakini Şamil Orucov: "İşdən çıxıb dəniz sahilinə istirahət üçün gəlmişəm. Təkəm, ailəmi gətirməmişəm. Bu yay çimərliyə birinci dəfədir ki, gəlirəm. Havalar sərin keçdiyi üçün çimərlik mövsümü, demək olar ki, yeni açılıb. Dənizin suyu gözəldir, ilıq və çimməyə uyğundur. Mən ödənişsiz hissədən istifadə edirəm. Bu daha sərfəlidir. Yemək gətirməmişəm, işdən çıxıb çimib, evə gedirəm. Yayda ancaq dənizdə sərinləyirəm".

Şəhər sakini İlham Abbasov: "İstirahətim dəniz kənarında gözəl keçir. Tək gəlmişəm. Suyun da temperaturu normaldır, çimmək üçün uyğundur. Bu yay çimərliyə birinci dəfədir, gəlirəm. Yemək gətirməmişəm, çimərliyin də ödənişsiz hissəsindən istifadə edirəm. Mən sahilə yaxın ərazidə yaşayıram. Sərinləmək üçün ancaq dəniz sahilini seçirəm".

Şəhər sakini Cahangir Mustafayev: Mənim 68 yaşım var. İstirahətim dəniz kənarında çox gözəl keçir. Bu yay çimərliyə 6-7 dəfə gəlmişəm, ilk dəfə deyil. Ödənişli söhbətgahlardan (besetka) istifadə etmirəm, sahilə yaxın yerdə istirahətimi təşkil edirəm. Tək gəlmişəm. Mən iki saat uzanıb çimirəm, günəşlənirəm. Yayda sərinləmək üçün başqa heç nə etmirəm. Səhər oyanıb velosiped sürürəm, sonra çimirəm, daha sonra evə dönürəm".

Şəhər sakini Nərmin Quliyeva: "İstirahətimi dəniz sahilində maraqlı keçirirəm. Bu yay ilk dəfə dəniz kənarına gəlmirəm. "Amburan"ın dənizində də olmuşam, Şıx dənizində də olmuşam. Çox yaxşı üzə bilmirəm. Sadəcə istirahət edirəm".

Şəhər sakini, məkan sahibi Təvəkkül Qəhrəmanov: " Hələ ki, dəniz mövsümü iyulun 10-dan daha canlı olacaq. İndi adam azdır. Zərərə gedirik desəm, yalan olmaz. Ödənişsiz yerlərdən istifadə edənlər çoxdur. İnsanların cibinə görədir. Kim istəyirsə qumun üstündə yer hazırlayır, kim istəyirsə əşyalarını stolun üstünə qoyur, heç kim ona söz deyə bilməz, gözəl istirahət edirlər. Qiymətlər ucuzdur, standartdır. Kimsə 10 manat verib söhbətgahda (besetkada) əyləşirsə 24 saat əyləşə bilər. Yemək, çay və meyvə şirəsini isə pulunu verib sifariş edirlər. Yavaş-yavaş, iyulun 10-dan sonra vəziyyət düzələcək. Böyük obyektdə 5-6 stol var. Buranı yığışdırmaq üçün 6-7 nəfər ancaq təmizlik üçün məşğul olur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə