“ŞƏT ilə ölkəmiz arasında əməkdaşlıq xüsusi diqqətdədir” - ŞƏRH EDİLDİ

“ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev artıq ikinci dəfədir Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünə dəvət olunur. Belə ki, 2022-ci ildə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, ümumiyyətlə, Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırıb: “Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır.

Məlumdur ki, hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır. Astana zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə