Zəfərlər partiyası... - FOTOLAR

İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 31 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə İmişli rayon İcra Hakimiyyətinin Başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, ərazi partiya təşkilatlarının sədrləri, partiya üzvləri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasını və fəaliyyətini əks etdirən “Zəfərlər Partiyası” adlı videoçarx nümayiş olunub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tədbirdə çıxış edərək vurğulayıb ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır.

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

Digər çıxış edənlər Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınmasından, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin puç edilməsindən danışıblar.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə