“Yenilənmiş parlament Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hər bir seçki cəmiyyətin ictimai, siyasi həyatında mühüm hadisədir, yenilənmədir. Seçki bütövlükdə cəmiyyətin hansı vektor üzrə köklənməsini ifadə edən siyasi aksiyadır. Bu mənada bu il keçirilən parlament seçkiləri də bundan öncəki Prezident seçkiləri və ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri də Azərbaycan xalqının tarixində öz mühüm rolunu oynayacaq. Bir daha millətin aparılan siyasətə münasibəti ifadə olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, şübhəsiz ki, Prezident seçkilərində ölkə başçısı cənab İlham Əliyevin siyasi kursunun tam dəstəkləyən Azərbaycan xalqı istər parlament seçkilərində, istərsə də bələdiyyə seçkilərində cənab İlham Əliyevin rəhbəri olduğu YAP-ın siyasi xəttini dəstəkləyəcək: “Aparılan sorğu da bunu göstərir.

Eyni zamanda seçkilərin növbədənkənar keçirilməsi, seçki vaxtının irəli çəkilməsi də real ictimai-siyasi situasiya ilə bağlıdır. Məlum olduğu kimi, noyabr ayında Azərbaycanda çoxsaylı insanların iştirakı ilə dünyanın ən böyük tədbiri keçiriləcək. Həmçinin COP29 çərçivəsində daha 2 mühüm tədbir keçiriləcək. Bununla əlaqədar olaraq Bakı şəhərinə çox sayda qonaqlar gələcək. Onların bir qismi xüsusi mühafizə olunan dövlət rəhbərləri olacaq. Bu baxımdan nəqliyyatın hərəkətində müəyyən qədər çətinliklər olacaq. Belə olan halda insanların seçib-seçilmək hüququnu tam təmin etmək mümkün olmur. Çünki seçki ərəfəsində görüşlər olmalı, insanlar öz namizədləri ilə təmasda olmalıdırlar. Buna görə də seçkinin vaxtı dəyişməli idi.
COP29 beynəlxalq tədbir olduğundan onun vaxtı dəyişdirilə bilməzdi. Lakin seçkinin vaxtının dəyişdirilməsi konstitusiyaya uyğun olması ilə bağlı Konstitusiya Məhkəməsinin də rəyi var. Yəni, seçkilər konstitusiyaya tam uyğundur. Hər zaman olduğu kimi Azərbaycan seçicisi azad, demokratik, şəxsi və gizli səsvermə yolu ilə öz namizədinə səs verəcəkdir. Yenilənmiş parlament artıq Azərbaycanın yaxın 5 ildə ictimai-siyasi həyatında mühüm rol oynayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə