"“Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Uzun illər erməni işğalı altında viran qoyulmuş, qəhrəman ordumuz tərəfindən azad edilmiş bütün ərazilərdə bu gün möhtəşəm quruculuq prosesi cərəyan edir. Ağdam, Füzuli, Cəbrayıl və Laçın, Qubadlı və Zəngilan, Kəlbəcər və Xocalı, Şuşa və Xankəndi, bir sözlə azad olunmuş bütün ərazilərdə nəhəng tikinti işi gedir və bu quruculuq prosesinin xalqımız üçün qlobal tarixi əhəmiyyəti gələcək üçün hədsiz dəyərə malikdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev təkcə Qarabağı, Zəngəzuru bizə qaytaran siyasi xadim kimi deyil, həm də bu müqəddəs torpağın bərpası üçün nəhəng quruculuq prosesinə başlayan böyük lider kimi tarixə düşdü: "Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Böyük Qayıdış” adlı proqram işğaldan azad olunmuş Qarabağ ərazilərindən və ətraf rayonlardan yüz minlərlə məcburi köçkünün mərhələli şəkildə geri qaytarılmasını nəzərdə tutur. Xüsusilə qeyd etmək lazımdır ki, milli prioritetlərdən birinə çevrilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıtması uğurla həyata keçirilir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişinə, əhalinin dayanıqlı məskunlaşmasına, eləcə də bu ərazilərin yüksək inkişaf etmiş rayona çevrilməsinə əlverişli şərait yaradır. İndiyədək Füzulidə “Zəfər yolu”nun və beynəlxalq hava limanının tikilib istifadəyə verildiyini qeyd edə bilərik. Füzuli-Hadrut yolunda da hazırda istifadəyə olunur. Bundan əlavə, Füzuli şəhərində eyni memarlıq üslubuna və kompozisiyaya uyğun gələn yeni yaşayış kompleksi intensiv şəkildə inşa edilir. Evlərin infrastrukturuna və abadlaşdırılmasına xüsusi diqqət yetirilir".

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə bağlı layihələr Azərbaycanın növbəti illərdə həyata keçirdiyi ən böyük iqtisadi siyasət təşəbbüsləri sırasındadır: "İşğaldan azad edilmiş ərazilərin bərpasının ikinci mərhələsində büdcə vəsaitləri əsasən şəhərsalma standartlarına uyğun müasir texnologiyalardan istifadə etməklə yaşayış komplekslərinin tikintisinə, zəruri infrastrukturun, mühafizə sisteminin yaradılmasına, əhalinin məşğulluğuna, o cümlədən biznesin aparılması üçün şəraitin yaradılmasına yönəldiləcək. Eyni zamanda, işğaldan azad edilmiş şəhər və kəndlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası sürətlə həyata keçirilir, aqrar-sənaye klasterləri formalaşdırılır, Qarabağ bölgəsinin və Şərqi Zəngəzurun “yaşıl enerji” zonalarına çevrilməsi nəzərdə tutulur.

Azərbaycan hakimiyyəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi istiqamətində işləri yüksək templə davam etdirir. “Böyük Qayıdış”ın təmin edilməsi məqsədilə 2024-cü il dövlət büdcəsində 4 milyard manat vəsait nəzərdə tutulur. Bundan əlavə, keçmiş məcburi köçkünlərin sosial müdafiəsini təmin etmək üçün gələn ilin dövlət büdcəsində 355,3 milyon manat vəsait xərclənəcək. Ölkə hökuməti kənd və qəsəbələrin bərpası prosesi başa çatdıqca insanların tədricən öz torpaqlarına qayıtmasını təmin etməkdə davam edəcək.

“Böyük Qayıdış” proqramı sürətlə həyata keçirilir. Əlbəttə ki, bu regionların iqtisadi inkişafı vətəndaşların rahat yaşaması və sosial təminatı üçün şərait yaradacaq. Azərbaycan heç bir xarici maliyyə yardımı almadan bu böyük layihələri reallaşdırır. Artıq bu gün öz doğma torpaqlarına qayıtmaq istəyənlərin sayı durmadan artır. Şübhə yoxdur ki, cəmiyyətin və dövlətin uzunmüddətli inkişaf perspektivləri nəzərə alınmaqla, bütün bu planlar səmərəli şəkildə vaxtında həyata keçiriləcək və işğaldan azad edilmiş ərazilərimiz inkişafının mahiyyətcə yeni mərhələsinə qədəm qoyacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə