“Şuşa görüşü Azərbaycanın xarici siyasət kursunun təntənəsi hesab olunmalıdır” - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Görüşü böyük tarixi hadisədir və ciddi siyasi nəticələrə yol açacaq. Sirr deyil ki, qlobal mühitdə proseslərin sürətli transformasiyası dövlətlərdən çevik reaksiya tələb edir. Türk Dövlətləri Təşkilatının üzvləri arasında intensiv görüşlər isə məhz bu çevik reaksiya qabiliyyətinin formalaşması üçün müstəsna rola malikdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmiv deyib.

Onun sözlərinə görə, Şuşa görüşü ilk növbədə Türk dünyasına qlobal proseslərə münasibətdə vahid mövqedən çıxış etmək, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin öz maraqlarını uzlaşdırmaq üçün mühüm platformaya çevriləcək: “Ümumiyyətlə, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün artıq əminliklə demək olar ki, Türk dövlətlərinin maraqlarının toqquşduğu məqamlar müşahidə olunmur, əksinə ən çətin situasiyalarda Türk Dövlətləri Təşkilatı vahid qüvvə kimi çıxış etməkdədir. Bu mənada, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpasından sonra türkdilli dövlətlərin rəhbərlərinin hamılıqla Şuşaya toplanması möhtərəm cənab Prezidentin ötən ayın əvvəlində TÜRKPA nümayəndə heyətini qəbul edərkən də dediyi kimi, böyük rəmzi məna daşıyır. Aydındır ki, hər bir türk dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın Zəfərini yüksək qiymətləndirir. Üstəlik, Qazaxıstan, Özbəkistan, Macarıstan və Qırğızıstan kimi dövlətlər artıq işğaldan azad olunmuş ərazilərimizdə rəmzi məna daşıyan, lakin ciddi siyasi yükə malik müəyyən layihələr də reallaşdırıb və reallaşdırmaqdadır. Lakin bütövlükdə Türk dünyasının nəbzinin Şuşada döyünməsi artıq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, özünün əhali, ərazi və təbii sərvətlər potensialı ilə qlobal gücə çevrilmiş Türk dünyasının verdiyi müstəsna dəstəkdir”.

Millət vəkili bildirib ki, bu görüş, eyni zamanda Azərbaycanın xarici siyasət kursunun təntənəsi hesab olunmalıdır: “Bildiyiniz kimi, möhtərəm cənab Prezident istər andiçmə mərasimində, eyni zamanda daha sonra çıxış və müsahibələrində açıq şəkildə bəyan etmişdi ki, bizim xarici siyasət kursumuzun prioriteti Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyası ilə əməkdaşlıqdır və dövlət başçısı fikrini onunla izah etmişdi ki, bizim yalnız bir ailəmiz var, o da Türk dünyasıdır. İndiki məqamda ailənin bütün üzvlərinin Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtında cəm olması bütövlükdə türk qövmünün tarixi təntənəsi hesab olunmalıdır. Bildiyiniz kimi, Şuşa Zirvəsinin əsas mövzuları nəqliyyat və iqlim dəyişiklikləri ilə mübarizə məsələləri olacaq. Azərbaycanın böyük Zəfərindən sonra Türk dünyasının birləşməsi və xüsusən Orta Dəhlizin fəaliyyətinin təhlükəsiz və etibarlı təmini üçün çox ciddi imkanlar yaranması fonunda, təbii ki, türk dövlətlərinin nəqliyyat məsələlərinin gələcək perspektivləri barədə müzakirə aparması gözlənilən idi və bu danışıqların nəticələri yalnız Türk dünyası üçün deyil, bütövlükdə qlobal oyunçularda üçün ciddi gözləntilər doğurur. Türk dünyasının Şuşada iqlim dəyişiklikləri ilə bağlı siyasi qətiyyətlərini birləşdirmələri isə Azərbaycanın COP29-a sədrliyi dövründə Türk dünyasının ölkəmizin səylərinə verdiyi böyük dəstək hesab olunmalıdır. Görünən odur ki, Azərbaycan COVID-19-la mübarizədə qlobal səyləri məhz Türk dünyasının timsalında birləşdirməyə başlamaqla əldə etdiyi uğurları bu gün iqlim dəyişikliyi ilə mübarizədə təkrarlamaq niyyətindədir və Türk dünyasından gələn reaksiyalar da Azərbaycanın bu prosesi böyük uğurla və dayanıqlı formada təmin edəcəyini düşünməyə ciddi əsas verir. Bu mənada, əminliklə demək olar ki, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü yalnız türk regionu üçün yox, bütövlükdə qlobal mənada əhəmiyyət kəsb edir və bəşəri gözləntilərə yol açmaqdadır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə