"Bu halda ciddi risklərlə üzləşmiş olarsınız" - MÜNASİBƏT BİLDİRİLDİ

"Biznes savadı dedikdə həm də maliyyə savadlılığı nəzərdə tutulur. Maliyyə savadlılığı daha geniş məfhumdur və maliyyə savadlılığı müxtəlif sektorlarda, müxtəlif seqmentlərdə, cəmiyyətin müxtəlif təbəqələrində olan insanları da əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.

O bildirib ki, biznes savadlılığı dedikdə daha çox sahibkarlar, bizneslə məşğul olan şəxslər, maliyyə sahəsində olan şəxslərin biznes savadlılığı nəzərdə tutulur: "Biznes savadlılığını artırmaq üçün konkret olaraq birinci növbədə sahibkarlar öz bizneslərinin xüsusiyyətlərini bilməklə yanaşı bu biznesin həm də hesabatlılığını dərk etməli, daha aydın hiss etməlidirlər. Çünki bəzən sahibkarlar arxayın olurlar ki, onların nəyi alıb, neçəyə alıb, neçəyə satmağı bilmələri kifayətdir. Hesabatlılıqla isə müsahiblər məşğul olmalıdır. Birinci, mühasiblər hesabatlılıqla daha çox dövlət orqanlarının hesabatlılığı ilə məşğul olurlar. Bu, bir az başqa məsələdir".

"Bir də maliyyə menecerləri var ki, onlar isə həmin rəqəmlər əsasında müəyyən qərarlar qəbul edirlər. Bizim sahibkarlarımızın ən mənfi tərəflərindən biri odur ki, onların maliyyə menecerləri yoxdur. İkinci məsələ ondan ibarətdir ki, üstəlik onlar özlərinin tam olaraq hesabatlarını aparmadıqları üçün bunlar müxtəlif dəftərlərdə, mənbələrdə olur. Nəticədə onlar bir çox hallarda öz bizneslərinin tam olaraq bütöv xəritəsini görə bilmirlər. Ona görə də bəzən qərarları qəbul etməkdə çətinlik çəkirlər, ya da səhv qərarlar qəbul edirlər. Bir çox hallarda likvidlik tələsinə düşürlər. Bunun hamısını öyrənmək üçün hesabatlılığı öyrənmək, qərarvermə imkanlarını verən dataların hansıların olduğunu müəyyən etmək, öz bizneslərini tam olaraq data əsaslı görmələridir. Əgər onlar bunların hamısını vahid bir formada görə bilərlərsə, daha düzgün qərarlar qəbul edə bilərlər. Biznes savadlılığı üçün ilk növbədə siz biznesinizi yuxarıdan tam olaraq görə bilməlisiniz. Bu isə sizdə konkret olaraq formalaşmış vahid hesabatlılıq nəticəsində mümkündür. Vahid hesabatlılıq olmadan, faktiki olaraq bütün datalarınız düzgün olmadan və onları analiz etməyi öyrənmədən biznesinizi kifayət qədər genişləndirə bilməzsiniz. Əgər genişləndirməyə çalışsanız, bu halda ciddi risklərlə üzləşmiş olarsınız" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə