Gender üzrə statistik göstəricilər - Masallıda seminar-müşavirə

28 iyun 2024-cü il tarixində Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Statistika İdarəsinin akt zalında “Gender üzrə statistik göstəricilər” mövzusunda seminar - müşavirə keçirilmişdir. Seminar-müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, ərazilər üzrə icra nümayəndələri və tələbələr iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə müşavirə iştirakçılarını salamlamış və Rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədova tədbirin keçirilməsində göstərdiyi dəstəyinə görə dərin minnətdarlığını bildirmişdir. İdarə rəisi ümumi demoqrafik göstəricilərin müqayisəli təhlili, doğulanların qız və oğlan uşaqları üzrə bölgüsü, nikah və boşanmalar, əmək bazarının, təhsil, səhiyyə və hüquqpozmalar üzrə statistik göstəricilərin yaş və cins bölgüsü haqqında seminar iştirakçılarına məlumatlar təqdim etmişdir. Oğlan uşaqlarının qız uşaqlarından daha çox doğulmasının səbəbləri, nikahların azalması, boşanmaların çoxalması, süni abortların əhali artımına təsiri imkanları mövzusunda elmi-statistik araşdırmanın nəticəsi ilə bağlı məlumatları seminar-müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aybəniz Novruzova çıxış edərək müvafiq komissiyanın rayonda təşkilinin və fəaliyyətinin hüquqi əsasları ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışdır. Əsasən erkən nikahların qarşısının alınması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən görülən tədbirlərin nəticələri ilə bağlı məlumatları təqdim etmişdir.

Seminar-müşavirədə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov qadınların sosial-iqtisadi sferada rolunun əhəmiyyətindən bəhs etmiş və gələcəkdə ölkədə gender bərabərliyinin təmin olunmasının önəmini vurğulamışdır.

Daha sonra Masallı 1 saylı Mediasiya Təşkilatının rəhbəri Xanhüseyn Səmədov çıxış edərək Mediasiya təşkilatının fəaliyyətindən və cəmiyyətdə onun əhəmiyyətindən bəhs etmiş, gələcəkdə ailə münaqişələri və əmək münasibətləri zəmnində yaranacaq problemlər ilə əlaqədar təşkilata müraciət edə biləcəklərini seminar-müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Viləş körpələr evi uşaq bağçasının direktoru Şəfa Allahverdiya isə gender bərabərliyinin təbliğ olunması, gender əsaslı zorakılığın qarşısının alınması və qadınların əmək bazarında səlahiyyətlərinin artırılması mövzularında çıxış etmişdir.

Sonda “Gender üzrə statistik göstəricilər” mövzusunda geniş diskursiya aparılmış və seminar-müşavirə iştirakçılarının sualları cavablandırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə