“Benzinin qiymətinin artması bəzi zərurətlərdən irəli gələn hadisədir” - İQTİSADÇI DANIŞDI

“Benzinin qiymətinin artması bəzi zərurətlərdən irəli gələn bir hadisədir. Azərbaycanda artıq ətraf-mühitin qorunması ilə bağlı ciddi mübarizə tədbirləri başlayıb. Bu baxımdan həm benzin, həm də dizelin qiymətinin bahalaşması ölkə avtoparkının yenilənməsinə və daha yaxşı ekoloji təmiz elektrikli avtomobillərin çoxalmasına təsir göstərə bilər”. Bu sözləri SİA-ya danışan iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Ekspert bildirib ki, ölkədə köhnə avtomobillərin istismarı azalacaq: “Sözsüz ki, bu qərar həm də ölkədə istifadəyə yararsız olan köhnə avtomobillərin istismarını da azaldacaq. Məlumdur ki, ölkədə artıq 95 markalı benzin istehsal olunur və bu benzin növünün ətraf mühitə az zərər vuran avtomobillərin sayının artmasına təsir göstərəcək.

Digər tərəfdən 92 markalı benzinin qiymətinin qalxması həm də Avro-B standartı ilə bağlıdır. Bu da öz növbəsində daha keyfiyyətli benzinin istifadəyə verilməsi ilə əlaqədardır. Hesab edirəm ki, qiymətin artması ölkədə ekoloji təmiz avtomobillərin sayının artmasına və nəticə etibarilə ətraf-mühitin təmizliyinə müsbət təsir göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə