Hansı nəqliyyat vasitələri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək? - AYDINLIQ GƏTİRİLDİ

"Taksi fəaliyyəti ilə bağlı qərarda bir çox tələblər var, əsas tələb kimi nəqliyyatın buraxılış ilinin olmasıdır. Buraxılış ili 8 ildən çox olan nəqliyyat vasitələri taksi fəaliyyətində işləyə bilməyəcək". Bu sözləri SİA-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

O bildirib ki, bundan sonra AB standartı olmalıdır, avtomobilin Avropa standartı, isitmə, soyutma sistemi olmalı, rəngi ağ və qırmızı olmalıdır: "Bu tələblərə cavab verməyən nəqliyyat vasitələri iyulun 1-dən sonra taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Bu da kəskin şəkildə sayın azalmasına gətirib çıxaracaq. Bu da taksilərdəki qiymətlərin artımına səbəb olacaq. Bu qiymət artımı da müəyyən müddət davam edəcək. Təxminən 60-70 min taksidən 10-15 min arası taksi fəaliyyət göstərməli olacaq. Bu da qiymət artımına yol açacaq. Amma burada sağlam rəqabət var deyə, taksi fəaliyyətində hər hansı bir tarif yoxdur. Tarif olmadığı üçün də rəqabət özü qiyməti tənzimləyəcək.

Düşünürəm ki, bir müddət keçdikdən sonra operatorlar öz aralarında qiymətləri münasib edəcəklər. Bu sahədə fəaliyyət göstərən nəqliyyat vasitələrinin qiymətinə gəldikdə isə tələblərə cavab verməyən nəqliyyat vasitələrinin qiyməti 20-30% aşağı düşüb. Kütləvi surətdə 30-40 min nəqliyyat vasitəsi dövriyyədən çıxıb. Bu da, demək olar ki, onların bazarda satışına səbəb olub. Çoxlu satışda qiymətin aşağı düşməsi insanlarda ajiotaj yaradıb. Amma tələblərə cavab verən nəqliyyat vasitələrində isə tam tərsinə qiymətlərin artımı müşahidə edilir. Bu taksi fəaliyyətinə qoyulan tələblər avtomobillərin qiymətinə bu cür təsir göstərib".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə