"Azərbaycanda bəbir populyasiyasının inkişaf dinamikasına nail ola bilmişik” - QURUM RƏSMİSİ

“Bəbirlərin monitorinqinə ölkəmizdə 2002-ci ildən başlanılıb, ilk dəfə foto-tələ vasitəsilə 2007-ci ildə Talış dağlarında, 2012-ci ildə isə Zəngəzurda bəbirlər qeydə alınıb ki, bu da Azərbaycanda təbii şəraitdə çəkilmiş ilk bəbir fotolarıdır”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.

O bildirib ki, bu günə qədər monitorinqlər nəticəsində Naxçıvanda 9 yetkin fərd və 9 bala, Hirkan meşələrində isə 8 yetkin fərd, 2 bala fotosu çəkilib: “Həyata keçirilən intensiv mühafizə tədbirlərinin nəticəsidir ki, bəbir balalarının dünyaya gəlməsi Qafqazda yalnız Azərbaycanda müşahidə olunub. Bizim ərazimizdə doğulub böyüyən balalar sonra qonşu dövlətlərin ərazisinə yayılır. Onlardan ikisi, hətta Türkiyə ərazisində müşahidə edilib, biri isə lap Qaradəniz hövzəsinə qədər gedib çıxıb. Son illərin müşahidələri göstərir ki, Azərbaycanda bəbir populyasiyasının inkişaf dinamikasına nail ola bilmişik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə