“Ermənistan Azərbaycana real mina xəritələrini heç zaman təqdim etməyib” - ŞƏRH

“Ermənistanın mina terroru təəssüflər olsun ki, onun törətdiyi çox vektorlu dövlət cinayətləri və terrorları indiyə qədər beynəlxalq birlik tərəfindən öz obyektiv, lazım olduğu hüquqi və diplomatik qiyməti almayıb. Təbii ki, bunun nəticəsində Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində müxtəlif platformalarda həyata keçirdiyi mina terrorunda həyatını itirən və ya əlil vəziyyətinə düşmüş vətəndaşlarımızın taleyinə beynəlxalq birlik lazım olan reaksiyanı verməyib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, sonrakı dövrlərdə də Ermənistan dəfələrlə sülhlə bağlı ortaya mövqe qoysa da, təəssüflər olsun ki, Azərbaycana real mina xəritələrini heç zaman təqdim etməyib: “Bu da Azərbaycanla Ermənistan arasında hansısa etimadın yaradılması, eyni zamanda dövlətlərarası münasibətləri formalaşdırmaq üçün əngəl olub.
Yəni, Ermənistanın bu günə qədər mina terroru ilə bağlı çox vektorlu və davamlı addımları nəticəsində mina terroru dünyada bundan istifadə etməyə çalışan digər terror təşkilatları üçün də örnək rolunu oynayır. Əlbəttə ki, BMT nəzdində bütün beynəlxalq təşkilatların mina terroru ilə bağlı indiyə qədər Ermənistana hansısa hüquqi təzyiq etməməsi nəticəsində mina terroruna vətəndaşlarımız müxtəlif dövrlərdə qurban getməyə davam edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə