"Qarabağın Türk dünyasını birləşdirən mərkəzə çevrilməsi qürurvericidir" - ŞƏRH EDİLDİ

“Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir, münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Ortaq soy-kök, tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Prezident İlham Əliyev hələ 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevriləndə təşkilatın gözəl gələcəyinin olacağını əminliklə bildirmişdi: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Biz,bir-birimizə ortaq milli maraqları nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Prezident İlham Əliyevin son illər ərzində türk dövlətlərinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını daha da sürətləndirir. Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı bildirib ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur: "Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq".

Deputat diqqətə çatdırıb ki, bu gün azad edilmiş torpaqlarda həyat bərpa olunur. İşğaldan təmizlənmiş ərazilərdə hazırda geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Azərbaycan və Türkiyənin ticarət dövriyyəsinin artması birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son illər daha da genişlənməsi ilə əlaqədardır. Yaxın illərdə Türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollaradək yüksəlməsi gözlənilir.

K.Bayramov əlavə edib ki, iyulun 5-6 tarixində Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi rəmzi xarakter daşıyır və qardaşlığın daha bir təzahürüdür. Qarabağın Türk dünyasını birləşdirən mərkəzə çevrilməsi qürurvericidir. Liderlərin Şuşadakı Zirvə görüşü isə bu birliyin daha da möhkəm təməllər üzərində bərqərar olacağından xəbər verir. Əminəm ki,bu gün azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görmək hər kəsi sevindirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə