"Qarabağda, Kəlbəcər istiqamətində bəbir müşahidə olunub" - Elşad Əsgərov

“Son dövrlərdə, torpaqlarımız işğaldan azad olunduqdan sonra bəbirləri ilk müşahidə edən əsgərlər olub. Bundan sonra ETSN, İDEA İctimai Birliyi və WWF tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.

O bildirib ki, bəbirin təbii qidası olan bezoar keçilərinin bu ərazilərdə sıx məskunlaşması da bu nadir növün Qarabağda yayılmasının əsas şərtlərindəndir: “Qarabağ vulkanik yaylasında həm də ən qədim zamanlardan bəri bəbirlərə rast gəlinib.

E.Əsgərovun sözlərinə görə, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır. Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökümətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə