Media Reyestri jurnalistlərə hansı üstünlüyü verir? - MEDİA-NIN NÜMAYƏNDƏSİ DANIŞDI

"Media Reyestri tələb olunan məlumatların böyük bir qismini elektron hökumət portalı vasitəsilə inteqrasiya edəcək. Media Reyestri ölkəmizdə fəaliyyət göstərən media subyektlərinə, həmin subyektlərə məxsus redaksiyalara, həmçinin jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılır". Bu sözləri SİA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin nümayəndəsi Elşən Ağayev deyib.

Onun sözlərinə görə, “Media haqqında” Qanunda da qeyd olunduğu kimi Media Reyestri elektron informasiya ehtiyatıdır: "Bu isə o deməkdir ki, Reyestr müraciət edən şəxslər barədə tələb olunan məlumatların böyük bir qismini elektron hökumət portalı vasitəsilə inteqrasiya edəcək və beləliklə, media subyektləri və jurnalistlər əlavə əməliyyatlar aparmadan müraciətlərini tamamlamış olacaqlar. Media Reyestrinin aparılması qaydalarından da göründüyü kimi daxil ediləcək məlumatların ilkin mənbədən əldə olunmasının təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Reyestrə inteqrasiya edilir".

Elşən Ağayev sözlərinə əlavə edərək qeyd edib ki, ümumilikdə, Media Reyestri elektron sənədlər və ya sənədlər toplusundan ibarət informasiya ehtiyatıdır və öz fəaliyyətini istifadə rahatlığı, fasiləsizlik, operativlik və şəffaflıq prinsipləri əsasında həyata keçirəcəkdir: " Media Reyestrinin aparılmasının üstünlükləri ilə bağlı isə qeyd etmək istərdik ki, Reyestr media subyektlərinin və media sahəsində çalışan şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq, həmçinin medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcəkdir. Digər mühüm üstünlük isə media subyektlərinin və jurnalistlərin hüquqları ilə bağlıdır. Belə ki, Media Reyestrinin aparılması onların hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin etməklə yanaşı, müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlanmalarına da imkan yaradacaqdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə