Medianın İnkişafı Agentliyində görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. SİA məlumat verir ki, media sahəsində islahatlar çərçivəsində görülən işlərin müzakirəsinə həsr olunmuş görüşdə "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğu vurğulanıb. Fərmandan irəli gələrək normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatəsi barədə geniş məlumat verilib.

"Media haqqında" qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılması haqqında fikirlərini bölüşən görüş iştirakçıları, eyni zamanda media və biznes strukturları arasında platformanın yaradılması və media dəstək layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərə diqqət çəkib.

Media Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Agentlik dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar təlimlər təşkil edib, media savadlılığının artırılması, yeni nəsil jurnalist kadrlarının hazırlanması məqsədilə "New Media" proqramı və fərdi jurnalist müsabiqələri keçirib, o cümlədən sahəvi jurnalistikanın inkişafı istiqamətində müvafiq işlər görüb.

Müzakirə zamanı medianın keyfiyyət, peşəkarlıq və standartlar baxımından təhlili, hüquqi bazanın təkmilləşdirilməsi, kommunikasiyanın təşkili, beynəlxalq əməkdaşlıq, strateji planlaşdırma və perspektiv planlar barədə fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə