Azad Suqovuşanda ilk beynəlxalq yarış: prinsip, potensial, qürur - TƏHLİL

30 ilə yaxın anası Azərbaycandan qoparılan Suqovuşan Tərtər rayonunun ərazisində qəsəbədir. Bir neçə çayı sinəsində qovuşduran Suqovuşan Tərtərlə tanınmır, əksinə Tərtər Suqovuşanla tanınır. Coğrafi baxımdan da çox əlverişli olan bu gözəlliklər diyarı zaman-zaman ermənilərin tamah dişi olmuş, ondan illərlə faydalanmış, hətta ən böyük hərbi hissələrini də burada yaratmış, gələcəyə hesablanmış geniş plan qurmuşdular. Lakin İkinci Vətən Müharibəsi onların bu planlarını darmadağın etdi. Müharibənin 7-ci günü azad edilən Suqovuşan Qarabağ Zəfərinin açarı rolunu oynadı. Və ilk qələbələrimizdən olan Suqovuşan Zəfəri sanki bir aydınlıq rəmzinə çevrildi. Bu aydınlıq qarşıda yeni qələbələrin müjdəçisi idi. Suqovuşanda günlərdir təəssüratından çıxa bilmədiyimiz ilk beynəlxalq yarışın keçirilməsi müharibə dövründə dövlətimizin başçısının prinsipial mövqeyinin davamı, “dəmir yumruğ”un nələrə qadir olduğunun göstəricisi oldu.

Prinsip olan yerdə

Bəli, prinsip olan yerdə məqsədin hədəfi düz ünvandır. 30 il işğal altında qalan torpaqlarımızın geri qaytarılması da prinsipiallığın nəticəsi oldu. Çünki bunun üçün dövlət başçısı tərəfindən illərlə böyük işlər həyata keçirildi. Bu torpaqlar ya danışıqlar, sülh yolu ilə alınmalı, ya da müharibə yolu ilə geri qaytarılmalı idi. Ötən 18 ilin hər dəqiqə və saatı Qarabağın azadlığına yönəldildi. Hər iki yol üçün hazırlıqlar paralel şəkildə həyata keçirildi. Danışıqlar aparıldı, görüşlər keçirildi, müraciətlər olundu, eyni zamanda ölkənin iqtisadiyyatı gücləndirildi, ordusu təkmilləşdirildi, möhkəmləndirildi. Yəni prinsip etibarilə hər iki istiqamət eyni amala xidmət etdi.

Azərbaycan xalqı tarixən sakit yaşamağı sevən, bunun üçün qonşuları ilə yaxşı münasibətlər quran bir xalqdır. Biz heç vaxt müharibə istəməmişik. Ailə dəyərləri, övlad sevgisi bu xalq üçün əvəzolunmaz hislərdir. Bu səbəbdən də heç bir qadın həyat yoldaşını, heç bir ana övladını itirmək istəməz. Eyni zamanda qonşudakı insanlara da eyni dəyərlə yanaşmışıq. Qan tökülməsini istəməmişik. Prezident İlham Əliyevin dediyi kimi: “Biz sadəcə olaraq qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı”.

Lakin bu xalq torpağını övladından da artıq sevir. Çünki torpaq hər bir azərbaycanlı kişinin şərəfi, qadınınsa ismətidir. Bu səbəbdən onlar övladlarını qurban verərlər, lakin torpaqlarının bir qarışının kimdəsə qalmasına razı olmazlar. Beləliklə xalq-dövlət birliyi bu 30 illik çözülməsi çətin məsələnin həlli oldu.

Nəticə isə göz önündədir. 2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabrında Zəfərimizlə bitən İkinci Vətən Müharibəsi ermənilərin 30 il işğal altında saxladıqları torpaqlarımızı azadlığa qovuşdurdu. Dövlət başçısının çızdığı qələbəyə aparan yol xəritəsi 44 gün içində uğurla keçildi və böyük Zəfərlə bitdi.

Suqovuşan böyük potensiala malikdir

Elə Suqovuşanda ilk beynəlxalq yarışın keçirilməsi də həmin prinsipiallığın davamı idi. Bu, bir vaxtlar Suqovuşanda balıqçılıq təsərrüfatı yaratmaqla dünya bazarına qara kürü çıxarıb Azərbaycan torpaqları hesabına milyonlar mənimsəmək fikrində olan erməninin yerində oturdulmasının təsdiqi idi. Suqovuşanın balıqçılıq üçün saf sularını öz mənfəətinə çevirən düşmənin arzusunun gözündə qalması idi. “Buyurun, gəlin baxın, görün ki, sizin balıqlara vermək istədiyiniz Suqovuşanı biz insanlara verdik” ismarıcı idi. O sularda balıqlar yox, qayıqlar üzəcək. Yəni Suqovuşan tək sizin düşündüyünüz potensiala deyil, həm də sizin ağlınıza gəlməyən potensiala malikdir.

Beynəlxalq avarçəkmə turnirinin Suqovuşanda keçirilməsi bir çox məqamları özündə ehtiva edir. Bunlardan biri də dünyaya Azərbaycan sərvətlərinin nümayişi idi. O dünya ki, vaxtilə ədalətə çox susdu. Səsini içinə salıb bir xalqın əzəli torpaqlarının yağı tapdağı altında qalmasına üstəlik gözünü də yumdu. Dəfələrlə müraciət ediləsinə baxmayaraq bu haqq işindən uzaq durdu, dəstəkləmədi bizi. İndi onların görmək və eşitmək vaxtıdır ki, Azərbaycan hansı gücə malikdir. İkinci tərəfdən Suqovuşanda belə turnirin keçirilməsi onun təsdiqidir ki, Azərbaycan idman ölkəsidir. İndiyədək müxtəlif beynəlxalq çempionatların təşkili üçün əlverişli təbii işlim şəraitinin uyğunluğu, idman infrastrukturunun mövcudluğu kimi, bu idman yarışının keçirilməsi üçün də şəraitin olduğunun göstəricisi idi. Digər bir tərəfdən isə Suqovuşanın dünyaya tanıdılması vaxtının çatması idi. Çünki Suqovuşan gözəl təbiətə, meşəliklərə, bol sulara, heyrətamiz mənzərələrə malik bir ərazidir. Burada turizm üçün böyük potensial var.

Azərbaycan Televiziyasına müsahibələrindən birində dövlət başçısı bu barədə deyib: “İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm turistlər üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir. Naftalana gələn qonaqların - istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun”.

Suqovuşanda postmüharibə dövründə həyata keçirilən işlər də burada beynəlxalq turnirin keçirilməsinə şərait yaratdı. Belə ki, ərazi minalardan təmizləndi, abadlıq işləri aparıldı, düşmənin çıxarkən dağıtdıqları, hissələrini söküb apardıqları elektrik stansiyaları bərpa edildi və “Suqovuşan - 1” və “Suqovuşan - 2” stansiyaları istismara verildi.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ilin mart ayında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirakları işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalmış və yeni yarışların keçiriləcəyi ünvana çevrilmişdir.

Suqovuşanla qürur duyduq

Bu qürurla 2020-ci ilin 3 oktyabrından 2022-ci ilin 6 mayı arasında bir yolçuluğa çıxdıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə strateji baxımdan çox əhəmiyyətli olan yüksəkliklərin ələ keçirilməsi Suqovuşanın, eləcə də digər ərazilərin azad edilməsinə şərait yaratdı. Suqovuşana ermənilərin verdiyi qondarma Madagiz adının da həmin gün ölkə başçısı tərəfindən dəyişdirilib öz tarixi adının bərpa olunması ilə nə qədər qürur duymuşduqsa, beynəlxalq turnirin Suqovuşanda keçirilməsi ilə bir o qədər fəxr etdik. 30 ilə yaxın suları ilə qəm, ələm axıdan, göz yaşını sularına tökən, ayrılıq acısı ilə yanıb yaxılan Suqovuşan azadlığına qovuşanda toy-bayram etdik. Çünki 90-cı illərdə burada böyük itkilərimiz olmuşdu. Onların da, Mübariz İbrahimovun da qisası alındı Suqovuşanın azadlığı ilə.

Avarçəkmə üzrə beynəlxalq tədbirin Suqovuşanda keçirilməsi sanki 30 ildə sükuta qərq olan bu ərazinin insan səsinə olan ehtiyacını da ödədi. Federasiya rəhbərlərinin çıxışları, idmançıların aralarında söhbəti Suqovuşanın lal sükutunu pozdu. 30 il sularının şırıltısından, bir də düşmənin o murdar səsindən başqa səs eşitməyən Suqovuşan bu səslərlə cana gəldi. Sanki yenidən doğuldu. Qonaqlarını qarşıladı, onlara hüsnünün gözəlliklərini sərgilədi. Azadlığını nəğmə edib süzdürdü qulaqlara.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilən “Prezident kuboku-2022” turnirində Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparması bu yerə yeni həyatın qayıtdığını da sərgiləyirdi.

Suqovuşandan səs gəlirdi... O səsdə Zəfər nəğməsi duyulurdu. O səsdən qürur səpələnirdi ətrafa. Qalib ölkənin insanlarının qüruru. Bütün diqqət Suqovuşana yönəlmişdi. Əzəli yurd yerimiz Suqovuşana. Bir qərinəyədək doğma ev-eşiyindən didərgin salınıb “köçkün, qaçqın” adlarını daşımaq məcburiyyətində olanların üzü gülürdü. Çünki hamı Suqovuşandan-onların doğma yurdundan danışırdı.

Qürur qürura qarışmışdı. Bu qüruru biz 2020-ci ilin 10 noyabrdan bəri hər gün yaşayırıq. Bu elə bir qürurdur ki, illər, əsrlər ötəcək, amma o öz dəyərini olduğu kimi saxlayacaqdır. Çünki bu bizim şərəf, namus qürurumuzdur. Suqovuşanın suları qədər, saf və pak qürurumuz.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə