Müəllimlərin işə qəbulu və əməkhaqqı siyasəti ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib

Müəllimlərin işə qəbulu prosesinin həyata keçirilməsi üçün hər il orta hesabla 2,5-3 milyon manat vəsait xərclənir. Lakin bu vəsaitin bir hissəsi prosesdə təkrar müraciət edən, lakin müsabiqədə iştirak etməyən şəxslər səbəbindən əsassız xərclərə çevrilir. Bu kimi halların qarşısının alınması məqsədilə sistemin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Təkrar müraciət edib imtahanda iştirak etməyənlərin payı müraciət edənlərin təxminən 30 faizini təşkil edir. Bu da dövlət büdcəsindən ayrılan vəsaitin səmərəsiz istifadəsinə gətirib çıxarır. Təxminən 500-600 min manat məbləğində bu tip xərclərin qarşısı alınsa, həmin vəsaitlə 200-ə yaxın tələbənin təhsil xərci ödənilə bilərdi. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin oktyabrın 24-də keçirilən plenar iclasında elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında səsləndirib.

O, müəllimlərin işə qəbulu, təkrar müraciət prosesi və əməkhaqqı məsələləri ilə bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb: “İlk dəfə müraciət edən namizədlər üçün ödəniş tətbiq edilməyəcək, lakin təkrar müraciət hallarında simvolik məbləğdə ödənişin müəyyənləşdirilməsi nəzərdə tutulur. Məqsəd vətəndaşları sistemə məsuliyyətli şəkildə yanaşmağa təşviq etmək və dövlət vəsaitinin səmərəli xərclənməsini təmin etməkdir”.

İ.İsayev, həmçinin müəllimlərin əməkhaqqı artımı və peşəkarlığın artırılması istiqamətində görülən işlərdən də danışıb. O, müəllimlərin sertifikatlaşdırma prosesinin əsas məqsədlərindən birinin peşəkarlığın yüksəldilməsi ilə yanaşı, əməkhaqqının artırılması olduğunu bildirib: “Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra müəllimlərin əməkhaqlarında əhəmiyyətli artım müşahidə olunub. Hazırda müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1000 manat civarındadır. 24 saat və daha çox dərs yükü olan müəllimlərdə isə bu göstərici 1300-1500 manat arasında dəyişir”.

Nazir müavini əlavə edib ki, təxminən 30 faiz müəllim 24 saata qədər, 29 faizdən çoxu isə 24 saatdan artıq dərs yükünə malikdir. Bu da müəllimlərin fədakarlığını və təhsil sistemindəki rolunu bir daha nümayiş etdirir: “Qəbul olunacaq yeni mexanizmlər nəticəsində həm büdcə vəsaitinə qənaət ediləcək, həm də əldə olunan resurslar təyinatı üzrə təhsilin inkişafına yönəldiləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə