Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - DİN

Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 71 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 45, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 3 tüfəng və 5 mərmi aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə