"Türk dövlətləri yeni geosiyasi gücə çevrilir" - ŞƏRH EDİLDİ

"Mərkəzi Asiyada keçirilən görüş çox önəmli və prinsipial idi. Türk dövlətlərinin birliyi və əməkdaşlığının dərinləşdirilməsi, qarşılıqlı münasibətlərin genişləndirilməsi, eləcə də böyük “Turan” layihəsinin perspektiv planlarının müzakirəsi bu görüşün əsas mövzusunu təşkil edirdi. Xüsusilə diqqətçəkən məqam ondan ibarət idi ki, dövlət başçımızı Qazaxıstan Prezidenti şəxsən hava limanında qarşıladı və eyni şəkildə yola saldı". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, dövlət başçılarının bu cür qarşılıqlı ehtiramla qəbul edilməsi həm dövlətlər, həm də liderlər arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir: "Hər iki tərəf həm ev sahibi, həm də qonaq münasibətlərində səmimiyyət və qarşılıqlı hörməti nümayiş etdirdi. Azərbaycan üçün Qazaxıstan təkcə qardaş və dost ölkə deyil, həm də strateji tərəfdaşdır. Prezidentlərin görüşündə bu məqam xüsusi vurğulandı və münasibətlərin hərtərəfli inkişafı üçün konkret addımların atılacağı qeyd olundu.

İkinci Qarabağ müharibəsindən sonra Türk dövlətləri ilə əməkdaşlıq və yaxınlaşma zərurəti daha da aktuallaşdı. Türk Dövlətləri Təşkilatının formalaşması, Türk dünyasında həmrəyliyin yüksəlməsi kimi proseslər artıq genişmiqyaslı geosiyasi dəyişikliklərə səbəb ola bilər. Bu təşəbbüslər dünya arenasında yeni bir siyasi güc mərkəzinin Türk birliyinin formalaşmasına zəmin yaradır.

Bununla yanaşı, beynəlxalq ictimaiyyətdə və bəzi ekspert dairələrində bu məsələyə dair müxtəlif yanaşmalar və ehtiyatlı münasibətlər də müşahidə olunur. “Türklər birləşir”, “Turan ideyası yenidən canlanır” kimi fikirlər səslənir. Rusiya və Çin kimi böyük regional güclərdə bu tendensiyalar müəyyən narahatlıq doğurur, çünki bu ölkələrin öz daxilində də tatarlar, başqırlar, altaylar, saklar, tuvalar kimi türk mənşəli xalqlar yaşayır. Tarixi və etnosiyasi kontekstdə bu, müəyyən ideoloji gərginliklərə səbəb ola bilər. Lakin qeyd etmək lazımdır ki, Türk dövlətlərinin inteqrasiyası ideoloji deyil, real və çoxşaxəli əməkdaşlıq üzərində qurulmalıdır. Əsas məqsəd Avropa İttifaqı modelinin surətini çıxarmaq deyil, əksinə, türk dövlətləri arasında tarixi, mədəni və mənəvi köklərə əsaslanan əməkdaşlıq mexanizmi yaratmaqdır. Bu birlik iqtisadi, nəqliyyat-logistika, enerji, müdafiə və humanitar sahələrdə ortaq layihələrlə dəstəklənməlidir. Turan birliyi ideyası həm böyük perspektivlər, həm də dərin geosiyasi nəticələr vəd edir. Belə bir birliyin formalaşması Avrasiya məkanında yeni güc balansı yaradacaq, siyasi, iqtisadi və mədəni inteqrasiyanı daha da dərinləşdirəcək. Bu birlik Pakistan, ərəb dünyası və Afrika ölkələri kimi regionlarla əməkdaşlığı da genişləndirə bilər.

Bu ideyanın reallaşması üçün bir neçə vacib amil önə çıxır: Türk dövlətlərində ideoloji əsasların formalaşdırılması, praktiki əməkdaşlıq mexanizmlərinin yaradılması, mədəni və dini dialoqun inkişaf etdirilməsi, eyni zamanda digər qlobal güclərlə sağlam münasibətlərin qurulması. Əminliklə demək olar ki, Türk dövlətlərinin rəhbərləri bu ideyanı mərhələli, məsuliyyətli və realist şəkildə həyata keçirməyə çalışırlar. Əgər bu proses düzgün istiqamətdə aparılsa, şəffaflıq və qarşılıqlı etimad qorunsa, Turan ideyası reallığa çevrilə bilər. Bu birlik türk dünyasının gücünü birləşdirərək regionda sülhün, tərəqqinin və inkişafın təminatçısına çevrilə bilər. Əsas məsələ dövlətlər arasında ardıcıl siyasi iradənin möhkəmləndirilməsi, strateji planlamanın həyata keçirilməsi və xalqlar arasında etimadın gücləndirilməsidir. Bu şərtlər təmin olunduğu təqdirdə, Turan birliyi ideyası reallığa çevriləcək və Türk dünyası beynəlxalq arenada daha geniş və təsirli rol oynayacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə