“Qəsdən adam öldürmüş şəxsin əfv olunma ehtimalı konkret faizlə ifadə edilə bilməz, çünki bu qərar hər bir iş üzrə fərdi qaydada verilir”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib.

O bildirib ki, əfv institutu Azərbaycan Respublikasında humanizm prinsiplərinə əsaslanan xüsusi hüquqi mexanizmdir:
“Əfv etmə səlahiyyəti yalnız Azərbaycan Respublikasının Prezidentinə məxsusdur.
Bu qərar məhkəmə hökmünü ləğv etmir, lakin cəzanın yüngülləşdirilməsi və ya qalan hissəsinin bağışlanması ilə nəticələnə bilər.
Qəsdən adam öldürmə kimi ağır cinayətlərdə əfv olunma ehtimalı digər cinayətlərə nisbətən daha aşağı hesab olunur.
Bunun əsas səbəbi törədilən əməlin ictimai təhlükəliliyinin yüksək olmasıdır.Əfv məsələsinə baxılarkən ilk növbədə məhkumun törətdiyi cinayətin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınır.
Cinayətin qəsdən törədilib-törədilməməsi də mühüm meyardır. Zərərçəkmiş tərəfin mövqeyi və onların bağışlama münasibəti də qiymətləndirilə bilər.
Məhkumun cəzaçəkmə müddətində davranışı və islah olunma səviyyəsi xüsusi əhəmiyyət daşıyır.
Onun penitensiar müəssisədə intizam qaydalarına əməl edib-etməməsi araşdırılır.
Əmək fəaliyyəti, təhsil alması və ictimai faydalı davranışları müsbət faktor sayılır.
Məhkumun peşmançılıq hissi keçirməsi və törətdiyi əməli etiraf etməsi də nəzərə alınır.
Eyni zamanda onun əvvəllər məhkum olunub-olunmaması da qiymətləndirməyə təsir edir.
Ailə vəziyyəti, azyaşlı uşaqlarının olması kimi sosial amillər də rol oynaya bilər.
Səhhəti ilə bağlı ciddi problemlər olduqda bu hal humanitar əsas kimi qəbul edilə bilər.
Cəzanın hansı hissəsinin artıq çəkildiyi də vacib meyarlardandır.
Əfv üçün müraciətlər adətən Əfv Komissiyası tərəfindən əvvəlcədən araşdırılır.
Komissiya rəy təqdim edir. Nəticə etibarilə, qəsdən adam öldürmüş şəxsin əfv olunması nadir hallarda baş versə də, düzgün davranış və müsbət amillər bu ehtimalı müəyyən dərəcədə artıra bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB