“Həssas əhali qrupları üçün qida təhlükəsizliyi məsələsində heç bir güzəştə yer yoxdur” - EKSPERT DANIŞDI
“Bağçalarda qidalanma sistemi müasir elmi standartlara doğru irəliləsə də, menyuların yalnız kaloriliyi deyil, vitamin-mineral tərkibi və təhlükəsizlik göstəriciləri də ciddi nəzarətdə saxlanılmalıdır. Qida dəyəri yetərli olsa belə, sənaye məhsullarının keyfiyyəti və qida təhlükəsizliyi uşaqların orqanizmi üçün kritik əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, uşaq bağçalarında qidaların 5°C–60°C arası “təhlükəli zona” temperaturunda saxlanılması qəti qadağandır:
”Çünki patogen mikroorqanizmlər məhz bu temperatur aralığında sürətlə çoxalır. Bağçalarda HACCP sisteminin tətbiqi, bişirilən yeməklərin daxili temperaturunun ölçülməsi və soyuq zəncirin fasiləsiz qorunması keyfiyyət standartlarının əsas göstəricilərindən hesab olunur.
Ən çox narahatlıq doğuran məqamlardan biri isə bağçalara tədarük olunan məhsulların tərkibindəki gizli qatqı maddələridir. Məhsulun üzərində “təbii” sözünün yazılması onun uşaqlar üçün tam faydalı olduğu anlamına gəlmir. Tərkibdə olan hidrogenləşdirilmiş yağlar, yüksək fruktozalı qarğıdalı şərbəti və süni rəngləndiricilər inkişaf dövründə olan uşaqların metabolizmasına mənfi təsir göstərə bilər.
Mətbəxdə çiy və bişmiş məhsulların eyni avadanlıq vasitəsilə emal olunması isə qətiyyən yolverilməzdir. Bu, uşaqlarda qida zəhərlənmələrinin ən əsas səbəblərindən biri hesab olunur.
Hər bir valideyn məsuliyyətli davranaraq bağça menyularına və məhsulların etiketlərinə mütəmadi diqqət yetirməlidir. Menyular mövsümi, yerli və təzə məhsullar əsasında hazırlanmalı, saxlanma müddəti süni şəkildə uzadılmış konservləşdirilmiş və idxal məhsullarından mümkün qədər uzaq durulmalıdır. Eyni zamanda bağça rəhbərliyi və mətbəx heyəti üçün beynəlxalq standartlara uyğun müntəzəm təlimlərin keçirilməsi vacibdir.
Xüsusilə uşaqlar, hamilə qadınlar və digər həssas əhali qrupları üçün qida təhlükəsizliyi məsələsində heç bir güzəştə yer yoxdur. Əgər bağçada hər hansı uşaqda qida zəhərlənməsi və ya allergik reaksiyanın simptomları müşahidə olunarsa, dərhal tibbi müdaxilə göstərilməlidir.
Bağçalarda qidalanma sisteminin daha mükəmməl və təhlükəsiz olması üçün mütəxəssislər, valideynlər və dövlət qurumları vahid mexanizm kimi koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB