40 min manat pensiya kapitalı: Vətəndaş niyə onu geri ala bilmir? - İQTİSADÇI AÇIQLADI
Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya minimum pensiya kapitalı olmalı, ya da ən azı 25 il sığorta stajı toplanmalıdır. Hazırda minimum pensiya kapitalı 46 min 80 manat təşkil edir. Əgər bir şəxsin hesabında 40 min manat pensiya kapitalı varsa, lakin bu məbləğ tələb olunan həddə çatmırsa və onun sığorta stajı da 25 il deyil, məsələn, 23 ildirsə, həmin şəxs yaşa görə əmək pensiyası hüququ qazana bilmir. Bu halda ona yalnız yaşa görə sosial müavinət təyin edilir.
Belə vəziyyətdə vətəndaşın hesabında qalan 30-40 min manat pensiya kapitalının aqibəti necə olur? Həmin vəsait şəxsə geri qaytarılır, yoxsa sistemdə qalır?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyi əsasən dünya praktikasında tətbiq olunan yanaşmalardan biri – sırf sığortalanma modeli əsasında hazırlanıb:
“Azərbaycan qanunvericiliyinə görə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki əsas şərtdən ən azı biri təmin edilməlidir. Yəni, fərdi hesabda minimum pensiya kapitalının olması və ya ən azı 25 il sığorta stajının mövcudluğu tələb olunur.
Qanunvericiliyə görə hazırda minimum pensiya kapitalı 46 080 manat müəyyən edilib. Əgər şəxsin hesabında, məsələn, 40 000 manat pensiya kapitalı varsa və sığorta stajı da 25 ildən azdırsa – məsələn, 21 və ya 22 ildirsə – həmin şəxs yaşa görə əmək pensiyası ala bilmir və ona yalnız yaşa görə sosial müavinət təyin olunur.
Burada ən çox mübahisə doğuran və insanların tez-tez sual verdiyi məsələlərdən biri də budur: əgər 46 080 manat məbləğində pensiya kapitalı formalaşmayıbsa, şəxsin ödədiyi vəsaitlər hara gedir?
Qanunvericiliyə görə həmin vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun sistemində qalır və digər məqsədlərə uyğun istifadə olunur.
Azərbaycanda tətbiq olunan pensiya modeli “nəsillərarası həmrəylik” prinsipi üzərində qurulub. Yəni bu gün işləyən nəsil əvvəlki nəslin pensiyasını maliyyələşdirir, gələcəkdə isə onların pensiyalarını növbəti nəsil maliyyələşdirəcək.
Bu yanaşma müəyyən suallar da yaradır. Xüsusilə demoqrafik və iqtisadi vəziyyətlə bağlı məsələlər ön plana çıxır. Məsələn, 20 ildən sonra ölkənin demoqrafik vəziyyəti necə olacaq, iqtisadi durumu və ödəmə qabiliyyəti hansı səviyyədə olacaq kimi suallar meydana çıxır.
Mənim fikrimcə, bu qanunvericilik müəyyən dəyişikliklərə ehtiyac duyur. Çünki mövcud qaydalara görə şəxsin ödədiyi vəsait birbaşa geri qaytarılmır. Pensiya sistemi fərdi bank hesabı prinsipi ilə işləmir.
Məsələn, bəzi ölkələrdə, o cümlədən müəyyən xarici modellərdə, şəxsin topladığı pensiya kapitalını sonradan birdəfəlik və ya mərhələli şəkildə əldə etmək mümkündür. Hətta bəzi hallarda şəxsi ehtiyaclar üçün istifadə etmək imkanı da mövcuddur.
Fərdi hesabda görünən məbləğ faktiki olaraq vətəndaşın gələcəkdə pensiya hüququ yarandığı halda hesablamaların aparılması üçün nəzərdə tutulur. Bu məbləğ vətəndaşa onu nağdlaşdırmaq və ya geri götürmək hüququ vermir.
Bu səbəbdən şəxs pensiya hüququ qazanmasa belə, həmin kapital birdəfəlik ödənilmir, tam şəkildə miras kimi ailə üzvlərinə verilmir və bank hesabındakı vəsait kimi götürülə bilmir.
Bir daha qeyd edim ki, həmin vəsait Dövlət Sosial Müdafiə Fondunun sistemində qalır. Bununla belə, həmin kapital tam itirilmiş hesab olunmur. Şəxs sonradan işləməyə davam edər və sığorta haqqı ödəyərsə, onun kapitalı 46 080 manatı keçə və ya sığorta stajı 25 ildən artıq ola bilər.
Bu iki meyardan birinə uyğun gəldiyi halda şəxs pensiya hüququ qazana bilər.
Əhəmiyyətli məqamlardan biri də budur ki, Azərbaycan sistemi tam yığım sistemi deyil. Mövcud sosial sığorta modeli nəsillərarası həmrəylik prinsipi əsasında fəaliyyət göstərir. Yəni hazırda işləyən şəxslərin ödədiyi sosial sığorta haqları əsasən indiki pensiyaçıların pensiyalarının maliyyələşdirilməsinə yönəldilir.
Fərdi hesablardakı kapital isə daha çox hesablama və uçot mexanizmi rolunu oynayır.
Bununla bağlı insanların əsas suallarından biri də budur ki, əgər vətəndaş illərlə sistemə ödəniş edib, amma pensiya hüququ qazana bilməyibsə, onun kapitalının müəyyən hissəsi özünə və ya ailəsinə geri qaytarılmalıdırmı?
Bu nəsillərarası həmrəylik prinsipi keçmiş dövrlərdən qalan yanaşma kimi qiymətləndirilir və hesab olunur ki, dünya ölkələrinin tətbiq etdiyi müasir pensiya siyasətlərinə uyğunlaşdırılmalıdır. Yəni yeni model icad etməyə ehtiyac yoxdur, mövcud uğurlu təcrübələri uyğun formada Azərbaycanda tətbiq etmək mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB