"Cənubi Qafqazda alban irsinin böyük hissəsinin ermənilər tərəfindən ya dağıdıldığını, məhv edildiyini, istifadəsiz vəziyyətə salındığını, ya da mənimsənildiyini müşahidə edirik. Bizə məlumdur ki, Azərbaycan, o cümlədən Qarabağ və işğal dövründə erməni nəzarətində olmuş ərazilərdəki bir sıra tarix-mədəniyyət abidələri alban dövrü irsi ilə bağlıdır. Bu irs həm xristianlıqdan əvvəlki, həm də xristianlıq dövrünə aid abidələri əhatə edir".
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
.jpg)
O bildirib ki, bu abidələrin böyük əksəriyyətinin erməni mədəni və dini irsi kimi dünyada tanıdılmasına cəhd göstərilir. Gəncəsər monastırı, Dadivəng, Xudavəng, Amaras və Ağoğlan monastırları da bu sırada qeyd olunur:
"Bu abidələr erməni tərəfinin təqdimatında erməni irsi kimi göstərilir və bu istiqamətdə təbliğat aparılır.
Gəncəsər monastırında da ciddi dəyişikliklərin aparıldığı müşahidə olunur. Monastırın ətraf divarlarının mərmər plitələrlə örtülməsi, bəzi xaç və yazı elementlərinin dəyişdirilməsi, divarlara erməni dilində rəngli yazıların çəkilməsi kimi hallar var. Bunlar, mənim fikrimcə, vandalizm kimi qiymətləndirilməlidir.
Eyni vəziyyəti Xudavəng və Dadivəng monastırları ilə bağlı da qeyd etmək olar. Bu abidələrin hazırkı vəziyyətinin onların ilkin, orijinal formasından fərqləndiyi müşahidə edilir.
Bununla yanaşı, Xocavənd rayonu ərazisində yerləşən bəzi alban məbədlərindən işğal dövründə təsərrüfat məqsədləri ilə istifadə edilməsi, hətta onların daxilində heyvan saxlanılması ilə bağlı faktlar və görüntülər var. Əgər bu abidələr həqiqətən xristian irsi kimi qəbul edilirdisə, onların qorunması və mühafizəsi təmin edilməli idi.
İndiki Ermənistan ərazisində də alban irsi ilə bağlı çoxsaylı abidələrin olduğunu hesab edirəm. Lakin həmin ərazilərə giriş imkanımız məhdud olduğundan orada birbaşa tədqiqat aparmaq mümkün deyil. Buna baxmayaraq, mövcud məlumatlar, aparılan monitorinqlər və əldə olunan materiallar əsasında həmin ərazilərdə alban irsi ilə bağlı çoxsaylı memarlıq nümunələrinin olduğunu müəyyənləşdirmək mümkündür.
Mənim apardığım səyyar monitorinqlər zamanı da bu qəbildən olan bir çox abidələrə rast gəlinib və onlar haqqında məlumatlar toplanıb. Xüsusilə ucqar ərazilərdə yerləşən bəzi tikililər, bazilikalar və xristianlıqdan əvvəlki dövrə aid olduğu ehtimal edilən abidələr ağır və baxımsız vəziyyətdədir.
Alban irsi ilə bağlı mühüm göstəricilərdən biri də xaçdaşlardır. Ermənistan ərazisində erməni dini abidələri kimi təqdim olunan bəzi nümunələrdəki xaçların və ornamentlərin alban mədəniyyəti ilə bağlı olduğunu göstərən elementlərə rast gəlinir. Alban dövrü xaçdaşlarında müxtəlif bədii ornamentlərə, altı və səkkizguşəli ulduzlara, ayparaya, butaya və digər simvollara rast gəlmək mümkündür. Bu ornamentlər həmin dövrün mədəniyyətinin və bədii düşüncəsinin xüsusiyyətlərini əks etdirir.
Mənim müşahidələrimə görə, bəzi hallarda həmin ornamentlərin dəyişdirilməsinə və orijinal elementlərin başqa təsvirlərlə əvəzlənməsinə cəhdlər göstərilir. Ermənistanda xaçdaşlarının hazırlanması ilə məşğul olan daş emalatxanalarının fəaliyyət göstərdiyi və yeni nümunələrin hazırlandığı barədə də məlumatlar var. Bu zaman bəzi qədim ornamentlərin əvəzinə üzüm, yarpaq və digər təsvirlərdən istifadə edilir.
Digər bir məsələ isə turizm baxımından diqqətçəkən ərazilərdə yeni xaçdaşların və xaç formalı monumental qurğuların yaradılmasıdır. Xüsusilə turistlərin çox ziyarət etdiyi istirahət məkanlarında belə nümunələrin yerləşdirilməsi həmin ərazilərin erməni irsi ilə bağlı olduğu barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyan bir yanaşma kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB