Süsənbər AĞAMALIYEVA
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı
Bəzi alimlərin ömrü illərlə, yaratdıqları elmi irsin təsiri isə nəsillərlə ölçülür. Aida Nəsir qızı İmanquliyeva da belə şəxsiyyətlərdəndir. Cəmi 52 il davam edən ömrü Azərbaycan elminin tarixində dərin iz qoymuş, adı ərəbşünaslığın hüdudlarını aşaraq Şərq və Qərb arasında elmi-mədəni dialoqun, dünya ədəbi-fəlsəfi fikrinin və mədəniyyətlərarası əlaqələrin tədqiqi ilə bağlanmışdır. Onun elmi irsinə müraciət etdikcə aydın olur ki, Aida xanım yalnız bir ədəbiyyatı öyrənən alim deyil, müxtəlif mədəniyyətləri bir-birinə yaxınlaşdıran, onların ortaq mənəvi dəyərlərini üzə çıxaran tədqiqatçı idi.
Aida xanım İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış, 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətə başlamışdır. Kiçik elmi işçidən institutun direktoruna qədər yüksələn Aida xanım 1989-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsi almış, 1991-ci ildə professor elmi adı verilmişdir. O, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk qadın filologiya elmləri doktoru və ilk qadın professor kimi elm tariximizdə xüsusi yer tutur.
Aida xanımın yaradıcılığının mühüm istiqamətlərindən biri ərəb-məhcər ədəbiyyatının tədqiqi olmuşdur. Onun elmi baxışı bu ədəbiyyatın sərhədləri ilə məhdudlaşmırdı. Cübran Xəlil Cübran, Mixail Nüaymə və Əmin ər-Reyhani kimi sənətkarların yaradıcılığını araşdıran Aida xanım Şərq və Qərb ədəbi-estetik düşüncəsinin qarşılıqlı təsirini üzə çıxarır, ərəb-məhcər ədəbiyyatını dünya mədəniyyəti kontekstində təhlil edirdi. Onun üç fundamental monoqrafiyası – “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatının korifeyləri” – bu istiqamətdə mühüm elmi irs yaratmışdır.
Aida xanımın “Cübran Xəlil Cübran” monoqrafiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əsər Cübran yaradıcılığının və bütövlükdə ərəb-məhcər ədəbiyyatının Azərbaycan elmi fikrində öyrənilməsinə mühüm töhfə vermişdir. Aida xanım Cübranın yaradıcılığında Şərqlə Qərbin qarşılaşmasını, müxtəlif fəlsəfi və estetik düşüncələrin kəsişməsini araşdırmaqla bu ədəbiyyatın dünya mədəniyyətindəki yerinə diqqət yönəltmişdir.
Bu baxımdan Aida xanımı yalnız ərəbşünas alim kimi təqdim etmək onun elmi irsinin miqyasını tam ifadə etməz. Onun tədqiqatlarında Qərb, xüsusilə Amerika ədəbi-mədəni mühiti mühüm yer tutur. Məhcər ədəbiyyatının nümayəndələrinin Amerikaya mühacirəti, “Suriya-Amerika məktəbi”, Amerika ədəbiyyatı və transsendentalizmin ərəb yazıçılarına təsiri Aida xanımın araşdırmalarında Şərq-Qərb əlaqələri kontekstində təhlil edilmişdir. Bu xüsusiyyət onun yaradıcılığını ərəbşünaslıqla yanaşı, qərbşünaslıq və mədəniyyətlərarası ədəbi əlaqələrin öyrənilməsi baxımından da əhəmiyyətli edir.
Mənim üçün Aida xanım İmanquliyevanın elmi irsinin xüsusi əhəmiyyəti onun Şərq və Qərb arasında dialoqa verdiyi dəyərdən irəli gəlir. “Ernest Heminquey və Şərq” mövzusunda dissertasiya üzərində işləyərkən mən də Aida xanımın elmi irsindən bəhrələnmişəm. Heminquey yaradıcılığında Şərqə münasibəti, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsini və insanın mənəvi axtarışlarını araşdırarkən Aida xanımın Şərq-Qərb ədəbi əlaqələrinə dair elmi yanaşmaları mənim üçün mühüm istiqamətverici mənbələrdən biri olmuşdur.
Aida xanımın elmi fəaliyyəti ilə yanaşı, onun formalaşdırdığı mənəvi-intellektual mühit də xüsusi əhəmiyyət daşıyır. Elmə, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və cəmiyyət qarşısında məsuliyyətə yüksək münasibət Aida xanımın şəxsiyyətində özünəməxsus şəkildə birləşirdi. Bu baxımdan onun ailə mühiti də Azərbaycan ziyalı düşüncəsinin davamlılığının bir parçası kimi diqqət çəkir. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın anası idi. Aida xanımın elm və mədəniyyətə bağlılığı ilə səciyyələnən ziyalı mühitinin Mehriban xanım Əliyevanın dünyagörüşünün, yüksək məsuliyyət hissinin və humanitar dəyərlərə münasibətinin formalaşmasına təsir göstərdiyini qeyd etmək olar.
Aida xanım İmanquliyeva 1992-ci il sentyabrın 19-da, cəmi 52 yaşında Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Sentyabrın bu hüznlü tarixində onun xatirəsi bir daha yada düşərkən insan istər-istəməz Aida xanımın qısa ömrünə sığdırdığı böyük elmi yolu düşünür. O, zaman baxımından erkən getsə də, fikir baxımından öz dövrünü aşan bir irs qoyub getmişdir.
Bu gün Aida xanım İmanquliyevanın irsinə yalnız keçmişin yadigarı kimi baxmaq kifayət deyil. Şərq və Qərb arasında dialoqun, mədəniyyətlərin qarşılıqlı anlaşmasının və elmi əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı müasir dövrdə onun elmi irsi yeni məna qazanır. Aida xanımın tədqiqatları göstərir ki, müxtəlif mədəniyyətləri bir-birindən ayıran fərqlərlə yanaşı, onları yaxınlaşdıran mənəvi və estetik dəyərlər də mövcuddur.
Aida xanım İmanquliyeva məhz belə bir elmi körpü yaratmışdır. Onun yaradıcılığında Şərq və Qərb qarşı-qarşıya qoyulmur, əksinə, bir-birini tamamlayan iki böyük mədəni düşüncə məkanı kimi təqdim olunur. Onun elmi irsi ərəbşünaslığın hüdudlarından çıxaraq Şərq-Qərb ədəbi əlaqələrinə, Amerika ədəbi-mədəni mühitinə, dünya ədəbiyyatına və mədəniyyətlərarası düşüncəyə uzanır. Aida xanımın adı bu gün də Şərq ilə Qərb arasında qurulan elmi-mədəni körpülərdə, millilik və dünyəvilik düşüncəsinin vəhdətində, Azərbaycan elminin dünya mədəniyyətinə açılan üfüqlərində yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB