“Türk və İslam dünyasının birliyi yeni əməkdaşlıq imkanları yaradır” - ŞƏRH

“Türk və İslam dünyasının birliyi yeni əməkdaşlıq imkanları yaradır” - ŞƏRH

“Türk Dövlətləri Təşkilatının din xadimləri ilə görüş maraqlı bir formatdır. Bu görüşün özünün maraqlı mesajları var. Çünki Türk Dövlətləri Təşkilatının birliyinə təkcə siyasi nöqteyi-nəzərdən yanaşmaq düzgün olmazdı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, türk dövlətlərinin siyasi birliyi ilə bərabər, humanitar, iqtisadi, tarixi, mədəni, mənəvi və dini aspektlərdən əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu unutmamalıyıq:

“Bu nöqteyi-nəzərdən din xadimləri ilə keçirilən görüş bir sıra ünvanlara maraqlı mesajları ilə fərqlənir. Bu görüşdə təkcə Türk Dövlətləri Təşkilatının taleyi ilə bağlı məsələlərə toxunulmadı. Eyni zamanda Avrasiyanın ən həssas nöqtələri olan Mərkəzi Asiya, Qafqaz və İslam dünyası ilə bağlı ən aktual məsələlərə toxunuldu və bunlarla bağlı perspektivə yönəlik maraqlı fikirlər səsləndirildi.

Aydın məsələdir ki, Avrasiyanın Mərkəzi Asiya, Türk Dövlətləri Təşkilatı və İslam dünyası ilə çoxşaxəli şəkildə bağlı bölgələrinin taleyi insanları həmişə düşündürüb. Nəzərə alaq ki, Türk Dövlətləri Təşkilatı eyni zamanda İslamın tarixi və problemləri ilə bağlıdır. Mərkəzi Asiya ölkələrinin tarixi də eyni zamanda İslam dini amili ilə bağlıdır.

Eləcə də İslam dünyasının bugünkü vəziyyəti və onun daxili münasibətləri, demək olar ki, dünyanın taleyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Heç təsadüfi deyil ki, bu görüşdə Azərbaycan Prezidenti İslam dünyasının, Türk dünyasının və Mərkəzi Asiyanın birliyinə nail olunmasını ən ümdə vəzifələrdən biri kimi qarşıya qoydu.

Xüsusilə də İslam dininin bugünkü müdafiəsi, onun dəyərlərinin qorunub saxlanmasının ön plana çəkilməsi olduqca maraqlıdır. İslam dininə qarşı bu gün elan olunmamış bir müharibənin getdiyini söyləmək Azərbaycan Prezidenti üçün ənənəvi, amma tam yeni bir formada böyük cəsarət nümunəsidir. Çünki İslam dininə qarşı elan olunmamış müharibəni tarix boyu biz görmüşük.

Bir çoxları bunu hətta ört-basdır etməyə çalışıblar. İslam dininə qarşı elan olunmamış müharibəni ört-basdır etmək üçün ən müxtəlif vasitələrə əl atıblar. İslam dinini terror dini kimi qələmə verməyə çalışıblar, onun dəyərlərini ört-basdır etməyə çalışıblar.

Ancaq həmin görüşdə Azərbaycan Prezidentinin İslam dininə qarşı elan olunmamış müharibə tezisini işlətməsi olduqca təsirlidir. Bu, həm İslam dünyasının öz qüvvələrinin səfərbərliyə alınmasına təsir göstərmək baxımından əhəmiyyətlidir, həm də İslama düşmən olan dairələrə maraqlı bir mesajdır.

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Bakı Zirvəsinə qədər Azərbaycan dövləti özünün əsas vəzifəsi ilə bərabər, həm də İslam dünyası üçün böyük bir hədəfi müəyyənləşdirdi.

İlham Əliyevin çıxışında İslam dünyasının qarşıdakı təxminən bir illik dövr üçün xarakterik olan əsas vəzifəsi çox klassik bir formada ifadə edildi. Bu, İslam ölkələri arasında münaqişələrə son qoyulması, münasibətlərin yaxşılaşdırılması, daxili inteqrasiyanın gücləndirilməsi və bunun İslam dünyasının düşmənlərinə qarşı ən tutarlı bir silah kimi nümayiş etdirilməsi deməkdir.

Həmin görüşün dünyaya ən maraqlı mesajlarından biri İslami birliyin, həm də mütərəqqi İslami birliyin çox böyük bir müdafiə silahına çevrilməsindən ibarət oldu”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə