“Gələcəyə hazır idarəçilik dayanıqlılığın təmin edilməsi üçün zərurətdir” - BMT RƏSMİSİ
Müasir dövrdə dövlət institutları yalnız mövcud ehtiyacları qarşılamaqla kifayətlənməməli, gələcək riskləri və imkanları da qabaqcadan müəyyənləşdirərək çevik, effektiv və etibarlı idarəçilik sistemi qurmalıdırlar.
SİA xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Baş Katibinin müavini Junhua Li “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitdə çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişiklikləri, demoqrafik proseslər, iqtisadi qeyri-sabitlik və sürətli texnoloji inkişaf dövlət institutlarının imkanlarını sınağa çəkir. Bu çağırışlar sektorlar, elmi sahələr və ölkələr arasında daha geniş əməkdaşlığı zəruri edir.
J.Li qeyd edib ki, vətəndaşlar dövlət qurumlarından daha çevik, operativ, effektiv və etibarlı xidmətlər gözləyirlər. Bu baxımdan dövlət idarəçiliyi yalnız mövcud böhranların aradan qaldırılmasına deyil, gələcək təhlükə və imkanların əvvəlcədən müəyyənləşdirilməsinə də yönəlməlidir.
O vurğulayıb ki, dövlət xidmətləri Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas rol oynayır. Siyasətlərin insanların gündəlik həyatında real nəticələrə çevrilməsi məhz bu xidmətlər vasitəsilə mümkün olur. Bu istiqamətdə Azərbaycanın “ASAN xidmət” modelini qabaqcıl nümunə kimi qiymətləndirən J.Li onun xidmət keyfiyyətinə, əlçatanlığa və innovasiyalara əsaslandığını bildirib.
Baş katibin müavini Azərbaycanın dövlət xidmətlərinin inkişafına verdiyi töhfələrin beynəlxalq səviyyədə də tanındığını xatırladıb. O, ölkəmizin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə rəqəmsal idarəetmə vasitəsilə dövlət xidmətlərinin inkişafına görə xüsusi mükafata layiq görüldüyünü qeyd edib.
J.Li əlavə edib ki, sammit çərçivəsində strateji uzaqgörənlik, təcrübə və sınaq mədəniyyətinin inkişafı, rəqəmsal texnologiyalardan, xüsusilə süni intellektdən ictimai rifah naminə məsuliyyətli istifadə məsələləri müzakirə olunacaq.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi yalnız gələcəyin institutlarını təsəvvür etmək deyil, onların qurulması üçün bu gündən atılmalı olan konkret addımları müəyyənləşdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB