“Azərbaycan qarşıdurma deyil, əməkdaşlıq, mehriban qonşuluq münasibətlərinə üstünlük verir” - DEPUTAT DANIŞDI
“Azərbaycan-Ermənistan sülh sazişi regionda davamlı sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin yekun imzalanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və regional əməkdaşlığın inkişafı baxımından tarixi əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə hörə, artıq sülh sazişinin mətninin razılaşdırılması və paraflanması regionda yeni siyasi reallıqların formalaşdığını göstərir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, regionda davamlı sülhün bərqərar olunmasıdır. Dövlətimizin başçısı 27 oktyabr 2026-cı il tarixli çıxışında da vurğulamışdır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistana sülh təklif etmiş və sülh sazişinin təşəbbüskarı olmuşdur. Bu, Azərbaycanın qarşıdurma deyil, əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin qurulmasında maraqlı olduğunu nümayiş etdirir.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalar və sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə mühüm dönüş nöqtəsi olmuşdur. Bununla yanaşı, cənab Prezidentin dəfələrlə bəyan etdiyi kimi, davamlı sülhün hüquqi təminatı üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacib şərtdir. Sülh dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Sülh prosesinin irəliləməsi yalnız siyasi münasibətlərin normallaşması deyil, həm də regionun iqtisadi inkişafı üçün yeni imkanlar deməkdir. Nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, ticarət və iqtisadi əlaqələrin genişlənməsi bütövlükdə Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artıracaqdır.
Hesab edirəm ki, əldə olunmuş razılaşmaların ardıcıl həyata keçirilməsi və sülh sazişinin yekun imzalanması regionda qarşılıqlı etimadın möhkəmlənməsinə, təhlükəsizliyin təmin olunmasına və gələcək nəsillər üçün sabit inkişaf mühitinin formalaşmasına xidmət edəcəkdir. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi Cənubi Qafqazın uzunmüddətli qarşıdurma məkanından əməkdaşlıq və tərəqqi regionuna çevrilməsi üçün mühüm imkanlar yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB