““Qobustan” GES Azərbaycanın yaşıl enerji keçidində yeni mərhələnin əsasını qoyur” - ŞƏRH

““Qobustan” GES Azərbaycanın yaşıl enerji keçidində yeni mərhələnin əsasını qoyur” - ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilk növbədə ölkənin enerji sektorunda strateji keyfiyyət dəyişikliyinin əyani göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu hadisə təkcə növbəti bərpaolunan enerji obyektinin istismara verilməsi deyil, eyni zamanda Azərbaycanın enerji keçidi modelində yeni bazar mexanizmlərinin və xarici investisiya tərəfdaşlığının uğurlu tətbiqidir:

“Layihənin hərrac vasitəsilə reallaşdırılan ilk bərpaolunan enerji təşəbbüsü olması isə eyni zamanda dövlətin bu sahədə azad rəqabət mühiti yaradaraq xüsusi və xarici kapitalı cəlb etmək strategiyasının tam işlək olduğunu sübut edir. Layihənin icraçısı olan Çinin “Universal Energy” şirkətinin hərracda qalib gələrək bu infrastrukturu ərsəyə gətirməsi Azərbaycan-Çin iqtisadi-strateji tərəfdaşlığının yaşıl rəqəmsal və texnoloji müstəviyə keçdiyini təsdiqləyir. Pirsaat qəsəbəsində 300 hektardan çox səmərəsiz və ya istifadəsiz torpaq sahəsinin bərpaolunan enerji zonası elan edilərək dövriyyəyə qatılması da torpaq ehtiyatlarından maksimum əlavə dəyər yaratmaq baxımından diqqətəlayiq addımdır.
İqtisadi və ekoloji səmərəlilik baxımından stansiyanın illik 200 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi hər il 45 milyon kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək. Qənaət olunan həmin təbii qaz həcmlərinin xarici bazarlara, xüsusilə Avropaya yönəldilməsi ölkəyə əlavə valyuta daxilolmalarını təmin edəcək, daxili generasiyada karbonsuz mənbələrin payını artıracaqdır. Eyni zamanda, atmosferə atılan karbon emissiyalarının ildə 97 min ton azaldılması Azərbaycanın qlobal iqlim öhdəliklərinə və yaşıl artım prioritetlərinə tam uyğundur. Rəsmi məlumatlarda da ifadə olunduğu kimi, “Qobustan” GES-in istismara verilməsi ilə ölkədə bərpaolunan enerji mənbələrinin ümumi gücünün 2170 MVt-a çatması və ümumi enerji balansında yaşıl payın 21,5 faizə yüksəlməsi 2027-ci ilin sonunadək planlaşdırılan 1,5 QVt-lıq yeni güclərin inteqrasiyası üçün sağlam zəmin yaradır. Şəbəkəyə qoşulan hər bir yeni alternativ enerji obyekti Azərbaycanın həm daxili enerji təhlükəsizliyini möhkəmləndirir, həm də regionun əsas yaşıl enerji qovşağına çevrilmək istiqamətindəki mövqeyini daha da gücləndirir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə