YAP-ın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını təsdiqləyir
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının IX konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov hesabat dövründə təşkilatın fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun şəkildə həyata keçirdiyini və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini deyib. O qeyd edib ki, partiya üzvlərinin ictimai fəallığının artırılması, partiya sıralarının genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər əldə etdiyi uğurlardan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün də uğurla davam etdirilməsindən danışıb. O qeyd edib ki, uzun müddət işğal altında saxlanılmış torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayır. Partiya Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji xətti əsas götürərək cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirərək ölkənin gələcək inkişafına xidmət edən layihələrə dəstək verir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolun xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını və sarsılmaz olduğunu təsdiqlədiyini deyib. Onun sözlərinə görə, uğurlu inkişafa gedən bu yolda Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərirlər.
Konfransda partiya üzvləri Nadir Quliyev və Cəmilə Atakişiyeva Yeni Azərbaycan Partiyasının bugünədək xalqın və dövlətimizin taleyində mühüm rol oynadığını və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərdiyini qeyd ediblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev Yeni Azərbaycan Partiyasının 2021-ci ildə baş tutan VII qurultayından sonra qarşıya qoyulan vəzifələrdən, əsas fəaliyyət istiqamətlərindən və ərazi partiya təşkilatlarının rolunun artırılmasının əhəmiyyətindən bəhs edib.
Konfransda YAP Sabirabad rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB