“Azərbaycan Drag Race 2026” üzrə peşəkar avtomobil yarışının finalçıları ilə brifinq keçirilib
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eləcə də Bakı şəhərinin “2026-cı il üzrə Dünya İdman Paytaxtı” statusu ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində təşkil olunan “Azərbaycan Drag Race 2026” peşəkar avtomobil yarışının final mərhələsi ərəfəsində finalçılarla brifinq keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, “Stansiya” Avtomobil Klubunun nümayəndələri, yarışın təşkilatçıları və final mərhələsinə vəsiqə qazanmış peşəkar sürücülər iştirak ediblər.
Brifinq zamanı finalçılara yarışın təşkilati və texniki qaydaları, təhlükəsizlik tələbləri, yarış ərazisində davranış normaları, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin olunması məqsədilə görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Sürücülərə yarış zamanı intizama, texniki reqlamentə və müəyyən edilmiş təhlükəsizlik qaydalarına ciddi riayət etməyin vacibliyi xüsusi olaraq diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi, “Stansiya” Avtomobil Klubunun təşkilatçılığı ilə keçirilən yarışda sürət, güc, müasir texnologiya və adrenalin bir araya gəlir.
“Azərbaycan Drag Race 2026” yarışının ilk iki mərhələsi 20 iyun və 15 avqust 2026-cı il tarixlərində Qaradağ rayonunun Xəzər İsland ərazisində keçirilib.
402 metrlik məsafədə təşkil olunan yarışda ən sürətli avtomobillər və peşəkar sürücülər öz imkanlarını nümayiş etdirəcəklər. Bu idman növündə nəticəni saniyənin yüzdə biri belə müəyyən edə bilər. Məhz bu xüsusiyyət “Drag Racing”i yüksək sürət, dəqiq idarəetmə və ciddi texniki hazırlıq tələb edən avtomobil idmanı növlərindən birinə çevirir.
Yarışın keçirilməsi yalnız sürətin və avtomobillərin texniki imkanlarının nümayişi ilə məhdudlaşmır. Layihə Azərbaycanda avtomobil idmanının inkişafına, bu sahədə peşəkar yanaşmanın və müasir motorsport mədəniyyətinin formalaşmasına, təhlükəsiz sürücülük mədəniyyətinin təşviqinə, qeyri-qanuni küçə yarışlarının qarşısının alınmasına, eləcə də gənclərin avtomobil idmanına marağının artırılmasına xidmət edir.
Yarışın yüksək səviyyədə və təhlükəsizlik tələblərinə uyğun keçirilməsinə Azərbaycan Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, Qaradağ Rayon İcra Hakimiyyəti, tədbirin gənclər arasında geniş təbliğinə və tanıdılmasına isə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı dəstək göstərir.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov finalçıları yarışın həlledici mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib və onlara final yarışında uğurlar arzulayıb. O, belə yarışların gənclərin avtomobil idmanına marağının artırılması, təhlükəsiz sürücülük vərdişlərinin formalaşdırılması və gənclərin enerjisinin peşəkar, nəzarət olunan idman mühitinə yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
İlqar İlyasov, həmçinin YAP Qaradağ rayon təşkilatının fəallarının final günü yarış iştirakçılarının yanında olacağını və tədbirin təşkilinə könüllü şəkildə dəstək göstərəcəklərini qeyd edib.
Səmimi şəraitdə keçən görüşdə finalçıların sualları cavablandırılıb, yarışın təşkili və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara məsuliyyətli, intizamlı və sağlam rəqabət prinsiplərinə uyğun mübarizə aparmaları tövsiyə olunub.
Peşəkar sürücülərin iştirakı ilə keçirilən yarış avtomobil idmanı həvəskarları arasında da böyük maraq doğurur. Tədbir Azərbaycanda yeni motorsport ənənələrinin formalaşması, avtomobil idmanının daha geniş auditoriyaya tanıdılması və Bakının beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən müasir şəhər kimi təqdim olunması baxımından əlamətdar hadisədir.
Sonda finalçılara qarşıdakı yarışda uğurlar arzulanıb və final mərhələsinin yüksək təşkilatçılıq, təhlükəsizlik, sağlam rəqabət və idman prinsipləri əsasında keçiriləcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB