Füzuli şəhərində “Mina təhlükəsi rəsmlərdə” rəsm müsabiqəsi keçirilib

Füzuli şəhərində “Mina təhlükəsi rəsmlərdə” rəsm müsabiqəsi keçirilib

“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” layihəsini icra edir. Layihənin əsas məqsədi uşaq və gənclərin mina və partlayıcı qalıqlar təhlükəsi barədə bilik və bacarıqlarını interaktiv, oyun-əsaslı və yaradıcılıq yönümlü qeyri-formal təhsil metodları ilə artırmaq, təhlükəli ərazilərdən qorunma vərdişlərini formalaşdırmaqdan ibarətdir. Layihə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində icra olunur və hər 3 rayon üzrə uşaq və yeniyetmələr arasında interaktiv maarifləndirmə məşgələlərinin təşkili həyata keçirilmişdir.

Layihənin icra planına uyğun olaraq, Füzuli şəhərində uşaq və yeniyetmələrin mina təhlükəsi riskini minimuma endirmək məqsədilə “Mina təhlükəsi rəsmlərdə” adlı rəsm müsabiqəsi həyata keçirilib. Minadan zərərçəkmiş ekspertin və mütəxəssislərin iştirakı ilə mina təhlükəsi ilə mübarizə üzrə müzakirələr aparılmış və rəsm əsərlərinin çəkilməsi zamanı ekspert dəstəyi göstərilmişdir. Müsabiqəyə cəlb olunmuş 25 iştirakçının hər birinə karandaş, fırça, yağlı boya, sulu boya, rəsm albomundan, vatman kağızından ibarət rəsm ləvazimatları təqdim olunub. Müsabiqənin əsasnaməsi və münsiflər heyəti formalaşdırılıb. Rəsm müsabiqəsi zamanı uşaq və yeniyetmələr mina və müharibənin partlamamış qalıqları haqqında düşüncələrini canlı şəkildə çəkdiyi rəsmlər vasitəsilə həmyaşıdlarına, cəmiyyətə çatdırmış, rəsm əsərləri haqqında məlumatlar vermişdir. Hər bir iştirakçı tərəfindən təqdim olunan və gün ərzində davam edən rəsm müsabiqəsinin sonunda münsiflər tərəfindən seçilmiş ən yaxşı rəsm müəllifi- qalib 3 iştirakçı (1-ci yer: İmranlı Aysun Vüsal qızı, 2-ci yer: Qocazadə Yağmur Ələsgər qızı, 3-cü yer: Orucova Zəhra Seymur qızı) qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Rəsm müsabiqəsi incəsənət vasitəsilə uşaqlar arasında yaradıcılıq əlaqələrinin qurulmasına, yeni dostlar qazanmasına, yaradıcı bacarıqlarının formalaşmasına və maarifləndirmə işlərinin incəsənət vasitəsilə aparılmasına səbəb olmuşdur. Müsabiqənin foto və videoçəkilişi aparılmış, çay-kofe fasiləsi təşkil olunmuşdur.

Tədbirin keçirilməsi işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış daha çox sakinin, uşaq və yeniyetmələrin qeyri-formal üsullar və incəsənət vasitəsilə mina və partlmamış hərbi sursatlardan qorunması istiqamətində maariflənməsinə səbəb olub.

Layihə çərçivəsində növbəti tədbir uşaqların idmanla maarifləndirmənin təşkili və işğaldan azad edilmiş ərazilərdə salınmış yaşayış məntəqələrində yaradılmış oyun meydançasından istifadənin təşviqinin həyata keçirilməsi məqsədilə “Təhlükəsiz oyun meydançası- Futbol festivalı” mini- futbol turnirinin uşaqlar arasında Cəbrayıl şəhərində keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə