"2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi bütün ərazi üzrə tam təmin olundu" - POLİTOLOQ DANIŞDI

"2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi bütün ərazi üzrə tam təmin olundu" -  POLİTOLOQ DANIŞDI

"19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatı Azərbaycanın müasir dövlətçilik tarixində ayrıca mərhələdir. Çünki 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünün böyük hissəsi hərbi-siyasi baxımdan bərpa edilmişdisə, 2023-cü ilin sentyabr hadisələri ölkənin suverenliyinin bütün ərazi üzrə faktiki təmin olunmasını tamamladı".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat 23 saat 43 dəqiqə davam edib və qarşıya qoyulan hərbi tapşırıqlar yerinə yetirilib.

Burada əsas məqam əməliyyatın müddətindən daha çox onun arxasında dayanan dövlət strategiyasıdır. 2020-ci ildən sonra Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı dəstələrin mövcudluğunun davam etməsi Azərbaycanın ərazi bütövlüyünün hüquqi və siyasi nəticələrinin tam şəkildə reallaşmasına mane olan əsas məsələlərdən biri idi. Azərbaycan Müdafiə Nazirliyinin sonrakı açıqlamalarında da 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinin tam icra edilməməsi və bölgədə silahlı təxribatların davam etməsi əməliyyatı zəruri edən amillər sırasında göstərilir.

19 sentyabr 2023-cü ildə baş verən mina partlayışları isə vəziyyəti daha da kəskinləşdirdi. Azərbaycan tərəfinin məlumatına əsasən, Əhmədbəyli-Füzuli-Şuşa yolunda əvvəlcədən yerləşdirilmiş minaların partlaması nəticəsində polis əməkdaşları, mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıb. Bundan sonra Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin hərbi imkanlarının sıradan çıxarılması və konstitusiya quruluşunun bərpası məqsədilə əməliyyata başladı.

Əməliyyatın hərbi tərəfi də ayrıca diqqət çəkir. Azərbaycan Ordusu ön xətt və dərinlikdə yerləşən mövqelərə, uzunmüddətli atəş nöqtələrinə, hərbi texnikaya və hərbi təyinatlı obyektlərə yüksək dəqiqlikli silahlarla zərbələr endirdi. Bu, 2020-ci ildə əldə edilmiş döyüş təcrübəsinin, ordunun texnoloji imkanlarının və komanda-idarəetmə sisteminin daha da təkmilləşdirilməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Müdafiə Nazirliyinin məlumatlarında əməliyyatın qısa müddətdə başa çatması məhz peşəkarlıq və döyüş təcrübəsi ilə əlaqələndirilir.

Lakin antiterror əməliyyatının ən mühüm nəticəsi hərbi deyil, siyasi-hüquqi xarakter daşıyırdı. Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə ölkənin suverenliyinin bütün ərazi üzərində faktiki təmin olunması üçün əsas maneə aradan qalxdı. Başqa sözlə, 2020-ci ildə başlanmış böyük proses 2023-cü ilin sentyabrında öz məntiqi nəticəsinə çatdı və Azərbaycan dövlətinin ərazi üzərində vahid idarəçilik prinsipi tam şəkildə reallaşdı.

Bu baxımdan 19-20 sentyabr hadisələrini yalnız “qısa hərbi əməliyyat” kimi təqdim etmək kifayət deyil. Bu tarix Azərbaycanın üç onillik ərzində qarşılaşdığı separatizm probleminin hərbi-siyasi müstəvidə başa çatdırılması, dövlət sərhədləri daxilində vahid hüquqi məkanın formalaşdırılması və suverenliyin praktik baxımdan tam təmin edilməsi mərhələsidir.

Ən mühüm nəticələrdən biri də ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildən sonra yaranmış yeni reallığı sadəcə siyasi bəyanatlarla deyil, konkret dövlət və hərbi mexanizmlərlə möhkəmləndirdi. 19 sentyabrda başlayan və 20 sentyabrda başa çatan əməliyyatın nəticələri göstərdi ki, dövlətin ərazi bütövlüyü və suverenliyi yalnız hüquqi sənədlərdə təsbit olunan anlayışlar deyil, onların arxasında real siyasi iradə, institusional idarəetmə və müdafiə qabiliyyəti də dayanmalıdır.

Bu gün antiterror əməliyyatının tarixi əhəmiyyətini dəyərləndirərkən əsas fikir məhz budur: 2020-ci ilin Zəfəri işğal faktının aradan qaldırılmasına, 2023-cü ilin antiterror əməliyyatı isə Azərbaycanın suverenliyinin tam bərpasına gətirib çıxardı. Birinci mərhələ torpaqların böyük hissəsinin azad edilməsi idisə, ikinci mərhələ həmin ərazilər üzərində Azərbaycan dövlətinin konstitusion hakimiyyətinin tam bərqərar olması idi. Bu səbəbdən 19-20 sentyabr 2023-cü il Azərbaycan dövlətçiliyinin yeni siyasi mərhələsinin başlanğıc nöqtələrindən biri kimi tarixə düşüb".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə