"Antiterror əməliyyatı Qarabağda vahid hüquqi sistemin bərpasını təmin etdi" - ŞƏRH EDİLDİ

"Antiterror əməliyyatı Qarabağda vahid hüquqi sistemin bərpasını təmin etdi" - ŞƏRH EDİLDİ

"19–20 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal antiterror tədbirləri üç onillikdən artıq davam edən Qarabağ münaqişəsinin hərbi-siyasi nəticələrini köklü şəkildə dəyişdirən hadisə oldu. Məlumdur ki, əməliyyatın başlanmasına əsas səbəb Qarabağda yerləşən erməni silahlı birləşmələrinin təxribatları, mina partlayışları nəticəsində hərbçilərin və mülki şəxslərin həlak olması, eləcə də Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu idi".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, keçirilən antiterror əməliyyatının məqsədi də həmin qüvvələrin tərksilah edilməsi, hərbi infrastrukturun zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpasından ibarət idi.

Əməliyyatın bizim üçün əsas siyasi mahiyyəti ondan ibarət idi ki, 2020-ci ildən sonra ölkənin ərazi bütövlüyünün böyük hissəsinin bərpasından sonra belə Qarabağda mövcudluğunu davam etdirən qanunsuz silahlı birləşmələr və separatçı idarəetmə strukturu məsələsi də birdəfəlik aradan qaldırıldı. Ən önəmlisi isə əməliyyatın tək bir mülki şəxsin belə xəsarət almadan həyata keçirilməsi idi.

Bu baxımdan 19–20 sentyabr hadisələrinin ən mühüm nəticəsi Azərbaycanın dövlət suverenliyinin faktiki olaraq ölkənin bütün ərazisində təmin edilməsi oldu. Azərbaycan Prezidentinin 2024-cü il sərəncamında da 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi məhz 2023-cü il hadisələrinin dövlətçilik baxımından əhəmiyyətini əks etdirir. Sənəddə həmin əməliyyatın nəticəsi kimi Azərbaycanın suverenliyinin tam bərpa edildiyi qeyd olunur.

Əməliyyatın hüquqi-siyasi əhəmiyyətini qiymətləndirərkən dövlətin öz ərazisində vahid hüquqi və inzibati sistem yaratmaq imkanının bərpasını xüsusi olaraq qeyd etməyə ehtiyac var. Uzun müddət Azərbaycan ərazisinin bir hissəsində bizim iradədən kənar faktiki idarəetmə və silahlı strukturun mövcudluğu dövlət suverenliyinin həyata keçirilməsində ciddi problem yaradırdı. 19–20 sentyabr hadisələrindən sonra həmin paralel hərbi-siyasi strukturun fəaliyyətinə son qoyuldu və Qarabağda Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının tətbiqi üçün yeni mərhələ yarandı. Əməliyyatın mühüm nəticələrindən biri də 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra formalaşmış hərbi-siyasi status-kvonun dəyişməsi oldu.

Ümumilikdə isə 19–20 sentyabr antiterror əməliyyatı Azərbaycan üçün yalnız hərbi nəticə doğuran hadisə deyil, dövlət suverenliyinin faktiki və institusional müstəvidə tamlaşdırılması baxımından dönüş nöqtəsi oldu. Qarabağ məsələsinin hərbi mərhələsinin başa çatması ilə gündəliyin mərkəzinə Azərbaycan-Ermənistan sülh prosesi, sərhədlərin delimitasiyası, qarşılıqlı suverenliyin tanınması keçdi. Bu mənada 19–20 sentyabr hadisələri Qarabağ münaqişəsinin sonu və regionda yeni siyasi reallığın başlanğıcı kimi xarakterizə oluna bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə