19-20 sentyabr antiterror tədbirlərinin hərbi-geosiyasi təhlili
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir hərb tarixinə və qlobal diplomatiya salnaməsinə "nöqtə zərbəsi dəqiqliyi" və mütləq suverenliyin bərpası kimi daxil oldu. 24 saatdan da az (düz 23 saat 43 dəqiqə) davam edən bu əməliyyat İkinci Qarabağ Müharibəsində əldə olunmuş Zəfərin məntiqi və hüquqi yekun nöqtəsi oldu.
Antiterror tədbirlərinin hərbi, texnoloji, humanitar və geostrateji aspektlərinin geniş təhlilini verərkən əməliyyatın zərurətinə, səbəblərə və hərbi-siyasi şəraitə diqqət yetirməmək mümkün deyil. 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatına zidd olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmamışdı. Əksinə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonalarda "boz zona" saxlanılır, yeni mühəndis-istehkam xətləri qurulur, ərazilər minalanırvə tərəflərimizə qarşı təxribatlar törədilirdi.
Sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda baş verən mina partlayışları nəticəsində mülki tikinti əməkdaşlarının, habelə Daxili İşlər Nazirliyinin əməkdaşlarının şəhid olması səbr kasasını dolduran son damla oldu. Əməliyyatın əsas məqsədi Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi, qanunsuz hərbi birləşmələrin tərəksilah edilərək ərazidən çıxarılması və mülki əhalinin və yenidənqurma işləri aparan personalın təhlükəsizliyinin təmin olunması idi.
19-20 sentyabr əməliyyatı dünya hərb elmində xüsusi öyrəniləcək "cərrahi əməliyyat" nümunəsidir. Murəkkəb dağlıq relyefdə, düşmənin 30 il ərzində möhkəmləndirdiyi strateji yüksəkliklərdə və esşelonlaşdırılmış müdafiə xətlərində aparılan bu tədbirlər Azərbaycan Ordusunun gücünü göstərdi.
Azərbaycan Silahlı Qüvvələri müasir kəşfiyyat-zərbə dronlarından (Bayraktar TB2, Harop və s.), yüksək dəqiqlikli raket-artilleriya qurğularından və radioelektron mübarizə (REM) vasitələrindən istifadə etdi. Düşmənin hava hücumundan müdafiə (HHM) sistemləri, radiolokasiya stansiyaları (RLS), komandanlıq məntəqələri və cəbbəxanaları ilk saatlardaca sıradan çıxarıldı.
Xüsusi Təyinatlı Qüvvələr və komando birlikləri mürəkkəb hava və relyef şəraitində düşmənin arxasına keçərək bütün kritik kommunikasiya xətlərini və hakim yüksəklikləri nəzarətə aldı. 24 saat tamam olmamış düşmənin vahid komandanlıq sistemi tamamilə iflic edildi.
Cəmi 1 gün ərzində separatçı rejim kapitulyasiya elan etməyə, silahı yerə qoymağa və Azərbaycanın irəli sürdüyü bütün şərtləri qeyd-şərtsiz qəbul etməyə məcbur oldu.
Bu əməliyyatın ən unikal və bənzərsiz tərəfi mülki əhaliyə və mülki infrastruktura sıfır zərər prinsipi ilə həyata keçirilməsidir. Müasir müharibələrdə (Yaxın Şərq və ya Şərqi Avropadakı münaqişələrdə) şəhərlərin tamamilə dağıldığı və minlərlə mülki insanın həlak olduğu bir fonda Azərbaycan Ordusunun nümayiş etdirdiyi standartlar dərslik xarakterlidir.
Müasir optik və elektron izləmə vasitələri ilə yalnız və yalnız hərbi təyinatlı obyektlər (anbarlar, texnikalar, atəş nöqtələri) məhv edildi. Yaşayış məntəqələrinə, məktəblərə, xəstəxanalara və infrastruktura tək bir zərbə də dəymədi.
Əməliyyat başlayan an SMS vasitəsilə və radiokarnaylarla mülki əhaliyə müraciət olundu, hərbi obyektlərdən uzaq durmaq tövsiyə edildi. Xankəndi-Laçın yolu və digər istiqamətlərdə mülki əhalinin təxliyəsi üçün təhlükəsiz koridorlar yaradıldı.
Tədbirlər bitdikdən dərhal sonra Azərbaycan dövləti Qarabağda yaşayan erməni sakinlərin ərzaq, yanacaq, tibbi yardım və digər birincili ehtiyaclarını qarşılamaq üçün humanitar karvanlar göndərdi. Reinteqrasiya prosesi üçün rəsmi platformalar işə salındı.
19-20 sentyabr 2023-cü il antiterror tədbirləri Azərbaycanın hərbi və diplomatik gücünün təntənəsidir. Bu əməliyyatla birincisi, separatizmin kökü kəsildi. Qarabağda 30 ildən artıq mövcud olan qanunsuz xunta rejimi özünü buraxdı, ərazidəki bütün qanunsuz silahlı birləşmələr tərəksilah edildi.
İkincisi, suverenlik tam bərpa olundu. Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində – Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə tam təmin olundu və Dövlət Bayrağı ucaldıldı.
Üçüncüsü, sülh sazişi üçün yeni realıq yarandı. Regionda "iki hakimiyyətlilik" və boz zonalar aradan qaldırılaraq, Cənubi Qafqazda uzunmüddətli sülhün və dayanıqlı inkişafın real təməlləri qoyuldu.
Azərbaycan Ordusu bu əməliyyatla göstərdi ki, o, yalnız yüksək texnologiyalı və peşəkar bir hərbi qüvvə deyil, eyni zamanda beynəlxalq humanitar hüquq normalarına ciddi riayət edən, ədaləti və sülhü bərpa edən ləyaqətli bir gücdür.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB