Şərqlə Qərbin Qovşağında Azərbaycan: Etibarlı Tərəfdaş və Müasir İnkişaf Modeli - MƏQALƏ
Azərbaycan tarix boyu öz coğrafi mövqeyi, strateji əhəmiyyəti və zəngin mədəni irsi ilə Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynayıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu müxtəlif xalqların, mədəniyyətlərin və sivilizasiyaların görüş nöqtəsinə çevrilib. Bu xüsusiyyət bu gün də Azərbaycanın dövlət siyasətində, beynəlxalq münasibətlərində və inkişaf modelində özünü aydın şəkildə göstərir. Dünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində də vurğulandığı kimi, Azərbaycan qədim irslə müasir inkişafı bir arada yaşatmağı bacaran ölkələrdən biridir.Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan qədim dövrlərdən etibarən Şərqlə Qərb arasında ticarət və iqtisadi əlaqələrin əsas mərkəzlərindən biri olmuşdur. Müxtəlif regionlardan gələn tacirlər və səyyahlar Azərbaycan ərazisindən keçərək Avropa və Asiya arasında əlaqələrin formalaşmasına töhfə vermişlər. Bu əlaqələr ölkəmizin iqtisadi və mədəni inkişafında mühüm rol oynamış, Azərbaycanın açıq və tolerant cəmiyyət kimi formalaşmasına şərait yaratmışdır.Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik strategiyası Azərbaycanın bu gün qazandığı uğurların təməlini təşkil edir. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik təmin edilmiş, milli dövlətçilik ənənələri möhkəmləndirilmiş və Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyi formalaşdırılmışdır. Ulu Öndərin müəyyən etdiyi inkişaf kursu Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmasına, regionda mühüm geosiyasi aktora çevrilməsinə və iqtisadi inkişaf yoluna qədəm qoymasına şərait yaratmışdır. Onun əsasını qoyduğu neft strategiyası, beynəlxalq əməkdaşlıq siyasəti və milli maraqlara söykənən dövlət idarəçiliyi bu gün də ölkənin inkişafının əsas istiqamətlərindən biri olaraq qalır.Bu siyasi kurs bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, mühüm qlobal layihələrin və beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq və multikulturalizm sahəsində qazandığı nailiyyətlər Azərbaycanın etibarlı tərəfdaş mövqeyini daha da gücləndirmişdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və şəhərsalma işləri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gücünü, inkişaf potensialını və gələcəyə hesablanmış strateji baxışını bütün dünyaya nümayiş etdirir. Bu siyasət nəticəsində Azərbaycan bu gün regionda sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən biri kimi çıxış edir.
Müasir dövrdə də Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz həm Şərq, həm də Qərb dövlətləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq istiqamətində atdığı addımlar onun beynəlxalq nüfuzunu daha da artırmışdır. Xüsusilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirmişdir.Son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər də Azərbaycanın artan nüfuzunun göstəricisidir. Bakı artıq mühüm qlobal tədbirlərə ev sahibliyi edən beynəlxalq platformalardan birinə çevrilmişdir. Dünya Şəhərsalma Forumu – WUF13, COP29 kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadını nümayiş etdirir. Bu tədbirlər Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da mühüm rol oynadığını göstərir. Eyni zamanda, bu forumlar vasitəsilə Azərbaycan öz inkişaf modelini, innovativ yanaşmalarını və müasir şəhərsalma təcrübəsini dünya ilə bölüşmək imkanı əldə edir.Paytaxt Bakı şəhəri də Şərq ilə Qərbin vəhdətinin canlı nümunəsidir. Burada qədim tarix və müasir inkişaf harmonik şəkildə birləşir. Tarixi abidələrlə yanaşı, müasir memarlıq nümunələri, inkişaf etmiş infrastruktur və innovativ layihələr Bakının müasir dünya şəhərinə çevrildiyini göstərir. Bu inkişaf Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisinin nəticəsidir.Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və şəhərsalma işləri isə dünya üçün mühüm nümunələrdən biri hesab olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələri, müasir yol infrastrukturu, hava limanlarının tikintisi və ekoloji yanaşmalar Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.Azad edilmiş ərazilərdə qısa müddət ərzində görülən işlər beynəlxalq təşkilatlar və xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Müharibədən zərər görmüş ərazilərin sürətlə yenidən qurulması, müasir yaşayış məntəqələrinin salınması və insanların doğma torpaqlarına qayıdışı postmünaqişə dövrü üçün nümunəvi model kimi dəyərləndirilir. Bu layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına və sabitliyinə xidmət edir.Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri də onun Şərq ilə Qərb arasında körpü rolunu gücləndirən əsas amillərdəndir. Müxtəlif dinlərin və xalqların nümayəndələrinin əsrlər boyu sülh şəraitində yaşaması ölkəmizin humanist və tolerant dəyərlərə sadiqliyini göstərir. Bu xüsusiyyət Azərbaycanı beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm məkana çevirir. Bu gün Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə sabitlik, əməkdaşlıq və inkişaf nümunəsi kimi çıxış edir.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB