Xəzər rayonunda məktəblilər arasında mini futbol tədbiri keçirilib

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Xəzər rayonunda, Şağan qəsəbəsində yerləşən 124 nömrəli məktəbdə məktəblilər arasında mini futbol tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi uşaqların idmana marağının artırılması, onların sağlam həyat tərzinə təşviq olunması və məktəblilər arasında futbolun inkişafına dəstək göstərilməsi olub.

Tədbir çərçivəsində məktəblilər arasında mini futbol oyunu keçirilib, uşaqlarla görüş təşkil olunub və onlarla idmanın əhəmiyyəti barədə söhbətlər aparılıb. Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən uşaqlara futbol topları və idman formaları hədiyyə olunub.

Tədbirdə Xəzər rayon YAP sədri Namiq Əhmədov, Şağan qəsəbəsində yerləşən 124 nömrəli məktəbin direktoru Reyhan Ələkbərova, Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Gündüz Vəliyev iştirak ediblər.

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasını tədbirdə federasiya prezidenti Asif Əliyev, baş katib Asim Xudiyev və idarə heyətinin üzvü Rauf Əliyev təmsil ediblər.

Tədbir zamanı çıxış edən qonaqlar uşaqların idmana cəlb olunmasının vacibliyini vurğulayaraq, bu cür layihələrin sağlam və aktiv gənc nəslin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər. Qeyd olunub ki, məktəblərdə keçirilən idman tədbirləri uşaqların həm fiziki inkişafında, həm də sosial aktivliyində mühüm rol oynayır.

Sonda uşaqlarla xatirə şəkilləri çəkdirilib və gələcəkdə bu kimi layihələrin davam etdiriləcəyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə